Bakı. Trend:
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci hissəsinə əsasən "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları" təsdiq edilib və 1 yanvar 2016-cı il tarixdən qüvvəyə minəcək.
Vergilər Nazirliyindən Trend-ə bildirilib ki, qaydaların 3.2-ci bəndinə əsasən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.
Vergi Məcəlləsinin 194.1-1-ci maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların alışı və satışı "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi" Qaydalarının aşağıdakı tələblərinə uyğun həyata keçirilməlidir:
- aksiz markası ilə markalanmalı olan malların istehsalı, idxalı və ya satışı üçün müvafiq lisenziya olduqda;
- həmin malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olduqda;
- həmin malın təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilmə halları istisna olmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə.
Yuxarıda sadalanan tələblərdən hər hansı birini pozan şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.
İnzibati Xətalar Məcəlləsinin 229.2-ci maddəsinə əsasən (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda (50 manatadək) satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat miqdarında cərimənin tətbiq edilməsi nəzərdə tutulur.
Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsinə əsasən tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda (50 manatdan 1000 manatadək) satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 213-1.4-cü maddəsinə görə isə eyni əməllər külli miqdarda (1000 manatdan yuxarı) törədildikdə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Yuxarıda göstərilənləri nəzərə alaraq 1 yanvar 2016-ci il tarixdən etibarən istehsal və satış obyektlərinizdə aksiz markası ilə markalanmalı olan malların nağdsız satılması həyata keçirilməli və müvafiq lisenziya, habelə malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olmalıdır.
Qanunun tələblərinə görə markalanmalı malları istehsal edən, idxal edən, satan və alan (fərdi istehlakının ödənilməsi məqsədilə alan fiziki şəxslər istisna olmaqla) şəxslər həmin malların əldə edilməsini təsdiq edən müvafiq sənədləri bu sahədə nəzarəti həyata keçirən Vergilər Nazirliyinin əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.
Qeyd olunanlarla əlaqədar, satış (iaşə) obyektlərinizdə hazırda qalıqda olan və 1 yanvar 2016-cı il tarixədək alacağınız aksiz markası ilə markalanmalı olan malların inventarizasiyasının aparılması və həmin malların sənədləşməsinin 1 yanvar 2016-cı il tarixinədək yuxarıda göstərilən tələblərə uyğunlaşdırılması tövsiyə olunur. Əks təqdirdə inizibati və cinayət məsuliyyətinə səbəb ola biləcək cəzalara məruz qala bilərsiniz ki, bu halda da məsuliyyət Sizin üzərinizdə qalacaq.
Yaranan suallarla əlaqədar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.