...

Heydər Əsədov: İl kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin artırılması ilə yadda qalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2016 10:07 (UTC +04:00)
“BMT tərəfindən 2015-ci ilin “Beynəlxalq torpaq ili” bəyan edilməsi və bu qlobal çağırışlara qoşularaq həmin ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması aqrar sektora göstərilən dövlət qayğısının təzahürü olmaqla, aqrar sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün təməl yaradıb”.
Heydər Əsədov: İl kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin artırılması ilə yadda qalıb

Bakı. Trend:

"BMT tərəfindən 2015-ci ilin "Beynəlxalq torpaq ili" bəyan edilməsi və bu qlobal çağırışlara qoşularaq həmin ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunması aqrar sektora göstərilən dövlət qayğısının təzahürü olmaqla, aqrar sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün təməl yaradıb".

Trend-in məumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

H.Əsədov bildirib ki, birincisi, hesabat ili qlobal miqyasda büdcə xərclərinə qənaət rejiminin tətbiq olunması fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin artırılması və əhatə dairəsinin genişləndirilməsi ilə yadda qalıb:

"Bu məqsədlə "Aqrolizinq" ASC tərəfindən lizinqə verilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40 faiz güzəşt tətbiq olunub ki, nəticədə bir il ərzində 4100 nəfər texnika istifadəçisi yerlərdə "ASAN xidmət" prinsipi ilə 50 milyon manatadək güzəşt əldə edib. Bu isə onların həmin sahəyə investisiya imkanlarını xeyli artırıb. Sabit büdcə ayırmaları, yığımın kəskin şəkildə artırılması və dövriyyənin sürətləndirilməsi hesabına son 2 ildə əsasən Avropa istehsalı olan 6900-dən çox kənd təsərrüfatı texnikası alınaraq lizinqə verilib ki, bu göstərici də ASC-nin yarandığı tarixdən gətirilən texnikaların 62 faizini təşkil edir".

Nazir bildirib ki, fermerlərə satılan gübrənin qiymətinə tətbiq edilən güzəşt 50 faizdən 70 faizə, güzəşt məbləğinin yuxarı həddi isə hər hektara görə 50 manatdan 80 manata qaldırılıb ki, bunun nəticəsində də əvvəlki illərlə müqayisədə ölkəyə gətirilən gübrənin həcmi 85 min tondan 150 min tona çatdırılmaqla, inkişaf etmiş dövlətlərdəki səviyyəyə uyğunlaşmaq üçün ciddi addım atılıb:

"Yanacaq və motor yağlarına görə verilən subsidiyanın həcmi 25 faiz artırılaraq 50 manata yüksəldilib ki, bununla da həmin məqsədlə büdcədən verilən subsidiyanın həcmi 22 faiz artırılıb. Cari mövsümdən etibarən verilən subsidiya və güzəştlərin ikinci əkinə də şamil olunması, yəni, il ərzində iki dəfə əkin aparana ikinci dəfə subsidiyanın verilməsi qərara alınıb ki, bu tədbirin icrası ölkədə yem təminatının gücləndirilməsində xüsusi rol oynayacaq. Cari ildən etibarən müasir suvarma sistemlərinin dəyərinin 40 faizi dövlət tərəfindən ödəniləcək ki, bu dəstək ənənəvi olaraq tətbiq edilən və torpaqların deqradasiyasına, şoranlaşmasına səbəb olan selləmə üsulu ilə suvarma metodundan su resurslarına qənaət edən müasir suvarma üsullarına keçid üçün mühüm rol oynayacaq. Məhsul istehsalçılarını keyfiyyətli, potensial məhsuldarlığı yüksək toxumlarla təmin etmək üçün Dövlət Taxıl Fondu yaradılıb ki, bu da ölkədə toxumçuluğun inkişafının səmərəli tənzimlənməsinə, bitkiçilik sahəsində məhsuldarlığın yüksəldilməsinə hədəflənib".

H.Əsədov vurğulayıb ki, süni mayalanma yolu ilə alınmış hər buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilib:

"Bu dövlət dəstəyinin tətbiqi yüksək məhsuldar, genetik potensialı olan heyvanların baş sayının artırılmasına və sözügedən sahəyə marağın gücləndirilməsinə, eləcə də heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına çox mühüm töhfə verəcək. Qeyd etmək lazımdır ki, dövlət dəstəyi gücləndirilməklə yanaşı, onun tətbiqi mexanizminin təkmilləşdirilməsi üçün aqrar sektor üzrə 100-ə yaxın normativ sənəd qəbul olunub, subsidiyanın verilməsi sahəsində şəffaflığın artırılması üçün ciddi tədbirlər görülüb. Bununla yanaşı, ictimai məlumatlılığı artırmaq məqsədilə yardım alan bütün fermerlərin adı, torpaq sahəsi, yardımın məbləği və sair məlumatlar hər bir rayon, kənd üzrə nazirliyin rəsmi internet saytında yerləşdirilib. Nəticədə yerlərdən məlumatlar alınaraq bu sahədə ciddi intizamın yaradılmasına nail olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti