Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanda reallaşdırılan layihələr təqribən 15 min iş yerinin açılmasına imkan verəcək. Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında deyib.
O bildirib: "Növbəti ilyarım ərzində Azərbaycanın bütün regionlarını və kənd təsərrüfatı, emal və sənaye kimi sahələri əhatə edəcək təqribən 150 layihə reallaşdırmağı planlaşdırırıq. Bu, iqtisadi aktivliyi, yerli məhsulların rəqabət qabiliyyətini, eləcə də dövlət satınalmalarında yerli məhsulun payını artırmağa imkan verəcək. Bununla da yerli istehsalın qurulmasına nail olacağıq".
Ş.Mustafayev qeyd edib ki, İqtisadiyyat Nazirliyi tərəfindən 1,5 milyard manat investisiya tələb edən proqramlar hazırlanıb, bunun 250 milyonu Sahibkarlığa Komək Milli Fondu üzrə veriləcək: "Qalan məbləğ sahibkarların öz vəsaitləri, eləcə də bu prosesə qoşulacaq bank sektoru hesabına ayrılacaq. Prezident İlham Əliyevin ötən gün iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə qeyd etdiyi kimi, banklar da real və qeyri-neft sektorunun kreditləşdirilməsini artıracaq".