İlk xəbər saat 12:34-də yayımlanıb
Bakı. Azad Həsənli - Trend:
Əhalinin Azərbaycanın sağlam banklarındakı əmanətləri tam sığortalanacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, bu yaxınlarda Milli Məclis bütün əmanətlərin tam sığortalanması haqqında qanun qəbul edib: "Qanunu artıq imzalamağa hazırlayırlar. İri sağlam banklardakı əmanətlər artım perspektivi ilə 100 faiz sığortalanacaq. Lakin sirr deyil ki, bank sistemində bəzi zəif və perspektivsiz banklar var, onların sektordakı payı çox azdır. Tərəfimizdən aparılmış təhlil göstərdi ki, belə banklardakı əmanətlərin 98 faizi əmanətlərin sığortalanması üzrə mövcud qaydalarla əhatə olunur".
E.Rüstəmov bağlanan banklar mövzusuna toxunaraq qeyd edib ki, onların əmanətlərinin təqribən 100 faizi sığortalanır: "Biz artıq "Gəncəbank"da əmanətlərin qaytarılması prosesinə başlamışıq və qısa müddət ərzində elə etməliyik ki, əmanətçilər pullarını götürə bilsinlər".
E.Rüstəmov əlavə edib ki, planlaşdırılan digər tədbirlər sırasında bank sektorunun gücləndirilməsi, onun sabitliyi və dayanıqlılığının artırılması var: "Mərkəzi Bank tədbirlər planı hazırlayır. Bu məqsədlə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun ekspertlərini dəvət etmişik ki, sektor daha da sağlam və dayanıqlı olsun".