Bakı-Trend:
"Bu günkü plenar iclasda biz regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar əldə edilmiş uğurlar, mövcud problemlər və onların həlli yolları barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin proqram xarakterli çıxışını və yerlərdəki vəziyyət barədə məlumatları dinlədik. Bir daha diqqətinizə çatdırmaq istərdim ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyasına uyğun olaraq bölgələrimizdə çox ciddi müsbət dəyişikliklər baş vermiş, yeni müəssisələr yaradılmış, iş yerləri açılmış və müasir tələblərə cavab verən infrastruktur formalaşdırılmışdır". Trend-in məlumatına görə, bunu regionların sosial-iqtisadi inkişafı ilə bağlı çıxışı zamanı vergilər naziri Fazil Məmmədov deyib.
Nazir bildirib ki, regional iqtisadi inkişaf fonunda görülmüş işlərin nəticələri son illər ərzində ölkəmizin, o cümlədən regionların hərtərəfli inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında, eləcə də əsas makroiqtisadi göstəricilərin müsbət dinamikasında da öz əksini tapır.
F.Məmmədovun sözlərinə görə, son 10 il ərzində büdcə gəlirləri ümumilikdə 4,4 dəfə, Vergilər Nazirliyinin xətti ilə vergi daxilolmaları 2,6 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 4,9 dəfə artıb. Vergi sistemində kompleks islahatların aparılması, sahibkarlar və iş adamları üçün əlverişli biznes mühitinin yaradılması, iqtisadi inkişafı stimullaşdıran çevik və səmərəli vergi siyasətinin həyata keçirilməsi regionlar üzrə dövlət büdcəsinə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artması ilə nəticələnib. Əgər 2006-cı ildə regionlar üzrə vergi daxilolmaları cəmi 86,6 milyon manat təşkil edirdisə, 2015-ci ildə bu rəqəm 7,2 dəfədən çox artaraq 622,1 milyon manata çatıb.
Nazir çıxışında daha sonra deyib: "Məlum olduğu kimi aqrar sektorun inkişafını sürətləndirmək məqsədilə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər 2019-cu ilin 1 yanvar tarixinədək torpaq vergisi istisna olmaqla digər vergiləri ödəməkdən azad ediliblər. Gəlir vergisinin ödəyicisi olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri isə Vergi Məcəlləsi qüvvəyə mindiyi tarixdən başlayaraq müddət qoyulmadan gəlir vergisindən azad olunmuşdur. Bütövlükdə kənd təsərrüfatı sahəsinə verilmiş vergi güzəştləri nəticəsində təkcə son 10 ildə 2 milyard manatdan artıq vəsait sahibkarların sərəncamında qalmışdır.
2016-cı ilin 1 yanvar tarixindən Vergi Məcəlləsinə dəyişikliklər qüvvəyə minmişdir. Bu dəyişikliklər də vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı, vergi yükünün əhəmiyyətli dərəcədə aşağı salınmasına, sahibkarlıq subyektlərinin sərəncamında daha çox vəsaitin qalmasına xidmət edir. Güzəşt tətbiq olunan muzdlu işlə əlaqədar əldə edilən gəlirin məbləği 10 dəfə artırılmış, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilmişdir. ƏDV ödəyicisi kimi məcburi qeydiyyat öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120 min manatdan 200 min manatadək qaldırılmış, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə vergitutma rejimində seçim hüququ verilmiş, daşınmaz əmlakın satışının sadələşdirilmiş vergiyə cəlb edilməsinə başlanılmışdır.
Hər birimizə məlumdur ki, regionların davamlı və dayanıqlı inkişafını təmin etmək üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Lakin onu da nəzərə almaq lazımdır ki, bunun üçün böyük məbləğdə vəsait tələb olunur və bu da əsasən vergi daxilolmaları və Dövlət Neft Fondunun ayırmaları hesabına həyata keçirilir. Bu prosesin bundan sonra da davamlı və dayanıqlı olması üçün büdcənin gəlir hissəsini artırmalıyıq. Günümüzün reallığı isə ondan ibarətdir ki, neftin qiyməti son bir ildə 4 dəfə aşağı düşmüş və bu proses proqnozlaşdırıla bilinmədiyindən bundan sonrakı illərdə büdcə gəlirləri əsasən vergi daxilolmaları və qismən də gömrükdən daxilolmalar hesabına formalaşmalıdır.
Bununla əlaqədar həm yerli icra hakimiyyəti başçıları, həm də sahibkarlarımız müvafiq vergi orqanları ilə birlikdə çox işlər görməli, yaranan problemlərin birgə həllinə çalışmalıdırlar".