Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:35-də yayılıb)
Bakı. Azad Həsənli - Trend:
Azərbaycanda Qaradağ Sənaye Parkının gəmiqayırma ilə məşğul olan rezidentlərinin 5 il müddətinə ƏDV-dən, gömrük rüsumlarından, eləcə də icbari dövlət sosial sığorta üzrə haqlardan azad edilməsi təklif edilir.
Trend-in məlumatına görə, Vergi Məcəlləsinə, "Sosial sığorta haqqında" və "Gömrük tarifi haqqında" qanunlara müvafiq dəyişikliklər bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.
Dəyişikliklərə əsasən, 2016-cı mayın 1-dən gəmiqayırma zamanı parkın rezidentlərinin istifadə etdiyi istənilən malın idxalının ƏDV və gömrük rüsumlarında 5 il müddətinə azad edilməsi təklif olunur.
Bundan başqa, podratçılara qarşı gəmiqayırmada istifadə edilən malların rezidentlər tərəfindən satışı, onlar üçün müxtəlif işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı, eləcə də podratçılara mal satan, onlar üçün müxtəlif iş görən və xidmətlər göstərən subpodratçılara qarşı ƏDV-yə sıfır faiz dərəcəsinin tətbiq edilməsi təklif edilir.