...

UNIDO iştirakçıları məişət tullantılarının yandırılması zavodunda olublar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2016 10:52 (UTC +04:00)

Bakı. Trend:

Mayın 5-də BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) ilk iclasının iştirakçıları Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarının iş prosesi ilə tanış olublar.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqlara zavodların fəaliyyəti və onların ətraf mühitə mənfi təsirlərin azaldılmasında rolu barədə məlumat verilib.

Bildirilib ki, 20 hektar ərazidə inşa olunan və illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı təşkil edən Bakı Bərk Məişət Tullantılarının Yandırılması zavodunun tikintisi ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı çərçivəsində həyata keçirilib.

İstehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisələrdən olan Bərk Məişət Tullantılarının Yandırılması zavodu ən sərt beynəlxalq ekoloji sstandartlara cavab verir.

Müasir avadanlıq əsasında qurulan Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunun illik istehsal gücü isə 200 min tondur. Bu müəssisənin səmərəli fəaliyyəti təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına imkan yaradır.

Müəssisədə çeşidləmənin aparılması nəticəsində təkrar emala yararlı materiallar ayrılır, tullantıların ümumi həcmi azaldılır, bu da ucuz xammal bazarının formalaşmasına, təkrar emal sahəsinin inkişafına genişlənməsinə xidmət edir.

"Təmiz Şəhər" ASC-nin mütəxəssisləri qonaqlara Bakı şəhərində bərk məişət tullantılarının emalı və zərərsizləşdirilməsi, "yaşıl iqtisadiyyat"ın inkişaf etdirilməsi məqsədilə qurulan Balaxanı Sənaye Parkında sahibkarlar üçün yaradılmış şərait və imkanlar haqqında məlumat verilib.

Qonaqlar Bakı şəhərində bərk məişət tullantılarının zərərsizləşdirilməsi və yerləşdirilməsi sahəsində əldə olunan nailiyyətlərdən məmnunluğunu ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti