...

Elsevər Ağayev: Xarici əczaçılıq şirkətlərinin Azərbaycanda sərmayə qoymasında maraqlıyıq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2016 13:23 (UTC +04:00)
Azərbaycan xarici ölkələrin əczaçılıq şirkətlərinin ölkəmizdə əczaçılıq sənayesinə sərmayə qoymasında maraqlıdır.
Elsevər Ağayev: Xarici əczaçılıq şirkətlərinin Azərbaycanda sərmayə qoymasında maraqlıyıq

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan xarici ölkələrin əczaçılıq şirkətlərinin ölkəmizdə əczaçılıq sənayesinə sərmayə qoymasında maraqlıdır. Ancaq hər niyyət bunun həyata keçməsi demək deyil.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Nazir müavinin sözlərinə görə, Yaponiyadan böyük bir əczaçılıq şirkətini təmsil edən nümayəndə heyəti Azərbaycana gəlmişdi: "Bu məsələ Yaponiya ilə Azərbaycan arasında hökumətlərarası komissiyanın da iclasında müzakirə olunmuşdu. Biz də istərdik ki, onların Azərbaycanda dərman zavodu qurmaq niyyətləri reallaşsın".

O qeyd edib ki, eyni zamanda Rusiya, İran, Almaniya və Türkiyə şirkətlərinin Azərbaycanda dərman zavodları qurmaq üçün niyyətləri var: "Ancaq bunu o zaman həyata keçmiş sayacağıq ki, gəlib zavodun təməlini qoysunlar və işə başlasınlar. Səhiyyənin bu prosesdə işi sonradır. Yəni bu sahədə icazələrdən söhbət gedir”.

E.Ağayev vurğulayıb ki, Azərbaycanda hansı dərmanlara daha çox tələbatın olması barədə İqtisadiyyat Nazirliyinin və dərman zavodu tikmək niyyətində olan şirkətlərin Səhiyyə Nazirliyi ilə məsləhətləşmələri olur: “Biz yalnız məsləhət verə bilərik. Seçim əczaçılıq şirkətlərinindir".

Nazir müavini vurğulayıb ki, Azərbaycanda əczaçılıq sənayesinin inkişafı ilə əlaqədar dövlət başçısının tapşırığı var: "İqtisadiyyat Nazirliyi bu sahədə fəaliyyət göstərir, bu məsələdə Səhiyyə Nazirliyi də köməkliyini göstərir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti