Bakı. Trend:
Mərkəzi Bankda “Japan Credit Buro (JCB)” beynəlxalq kart təşkilatının Müstəqil Dövlətlər Birliyi üzrə Baş direktoru ilə görüş keçirilib.
Qurumdan Trend-ə verilən məlumata görə, Mərkəz Bank ölkədə nağdsız ödənişlərin inkişafı, ödəniş kartları bazarında rəqabət mühitinin genişləndirilməsi, innovativ ödəniş texnologiyalarının və müasir ödəniş həllərinin tətbiqi üzrə beynəlxalq kart təşkilatları ilə qarşılıqlı əməkdaşlığını davam etdirir.
Bu əməkdaşlıq çərçivəsində Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyevin “JCB” beynəlxalq kart təşkilatının Müstəqil Dövlətlər Birliyi üzrə Baş direktoru Takashi Sutsugu və təşkilatın regional meneceri Oleq Korostlev ilə görüşü keçirilib.
Görüş zamanı “JCB” beynəlxalq kart təşkilatı ilə Mərkəzi Bank arasında birgə əməkdaşlıq imkanları, o cümlədən Azərbaycanda kart infrastrukturunun genişləndirilməsi və nağdsız hesablaşmaların artırılması üzrə strateji əməkdaşlıq istiqamətlərinə dair məsələlər müzakirə edilib.
A.Quliyev tərəfindən qonaqlara ölkədə yaradılmış Milli Ödəniş Sistemi infrastrukturu, ödəniş kartları bazarının cari vəziyyəti və inkişaf perspektivləri, habelə aparılan islahatlar haqqında məlumat verilib. O, Mərkəzi Bank tərəfindən ölkədə nağdsız hesablaşmaların inkişafı və əhatə dairəsinin genişləndirilməsi məqsədilə mütəmadi əsasda tədbirlər həyata keçirilərək bu sahədə beynəlxalq tendensiyaların daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
T.Sutsugu “JCB” təşkilatının 1961-ci ildən fəaliyyətə başladığını bildirib. Hazırda dünya üzrə “JCB” brendli ödəniş kartlarının ümumi sayı 95 milyondan çoxdur. Bu ödəniş kartları dünyanın 21 ölkəsində emissiya edilir və 190 ölkəsində quraşdırılmış 32 milyondan çox ödəniş məntəqəsində qəbul edilir. Eyni zamanda, “JCB” beynəlxalq kart təşkilatının son illər bir çox ölkələrin ödəniş kartları bazarında sürətli inkişaf tempindən danışılaraq ölkəmizdə mümkün fəaliyyət istiqamətləri və yeni məhsullar haqqında məlumat verilib.
Görüşdə həmçinin, “JCB” beynəlxalq kart təşkilatının ölkənin ödəniş kartları bazarının gələcək inkişafında rolu, ölkənin genişlənən turizm imkanlarının artdığı, beynəlxalq idman tədbirlərinə ev sahibliyi edildiyi bir şəraitdə Azərbaycana səfər edəcək xarici ölkə vətəndaşlarının JCB brendli ödəniş kartlarından istifadə imkanının yaradılması və həmçinin Mərkəzi Bank tərəfindən həyata keçirilən islahatların icrasında yaxından iştirak istiqamətləri müzakirə olunub.