...

Azərbaycan və Türkiyə iş adamları Ukraynada bir araya gəldilər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2017 15:43 (UTC +04:00)
Azərbaycan və Türkiyə iş adamları Ukraynada bir araya gəliblər.
Azərbaycan və Türkiyə iş adamları Ukraynada bir araya gəldilər (FOTO)

Bakı. Trend:

Azərbaycan və Türkiyə iş adamları Ukraynada bir araya gəliblər.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Kiyev şəhərində Azərbaycan - Ukrayna İş Adamları və Sənayeçiləri Birliyi ilə Ukrayna - Türkiyə İş Adamları Dərnəyinin birgə toplantısı keçirilib. Toplantıda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Türkiyənin Ukraynadakı səfiri Yönet Can Tezel, Azərbaycan, Türkiyə və Ukraynadan olan iş adamları iştirak ediblər.

Toplantıda çıxış edən Azərbaycan - Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyev və Ukrayna - Türkiyə İş Adamları Dərnəyinin başqanı Burak Pəhlivan rəhbərlik etdikləri qurumların fəaliyyəti və gələcək planlar barədə ətraflı məlumat veriblər. Son illər Azərbaycan və Türkiyənin iri şirkət və firmalarının Ukraynada yol, tikinti və bir sıra infrastruktur layihələrin həyata keçirilməsində yaxından iştirak etdiyini bildiriblər. Bu istiqamətdə əməkdaşlığa dair birgə fəaliyyət proqramının hazırlandığını nəzərə çatdırıblar.

Toplantıda səfir A.Xudiyev çıxış edərək, dünyanın harasında yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının, icmalarının və iş adamlarının bir-birilərinə dəstək vermələrinin vacibliyini vurğulayıb. Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyimini, ulu öndər Heydər Əliyevin isə “Azərbaycanla Türkiyə bir millət iki dövlətdir” kəlamını xatırladan diplomat Ukraynada çalışan Azərbaycan və Türkiyə iş adamlarının birgə fəaliyyət proqramı hazırlamasının tarixi əhəmiyyətindən bəhs edib.

Toplantıya qatılan hər iki qardaş ölkənin iş adamlarına gələcək fəaliyyətlərində uğurlar arzulayan Türkiyənin Ukraynadakı səfiri Y.Tezel isə beynəlxalq arenada eyni mövqedən çıxış edən dövlətlərimizin gücünü və qüdrətini artırmaq üçün birliyə və həmrəyliyə böyük eytiyac olduğunu diqqətə çatdırıb.

Çıxışlardan sonra Azərbaycan - Ukrayna iş Adamları və Sənayeçiləri Birliyi ilə Ukrayna - Türkiyə İş Adamları Dərnəyi arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb. Müqaviləyə əsasən 2017-ci ildə Azərbaycan və Türkiyə İş Adamları Dərnəyi Ukraynada hər iki ölkənin tikinti, turizm, sənaye və digır sektorlarını özündə əks etdirən sərgi və yarmarkalar təşkil etməyi nəzərdə tutur. Bununla yanaşı, hər iki qurum gələcəkdə Azərbaycan, Türkiyə və Ukrayna iş adamlarının iştirakı ilə biznes-forumlar təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti