...

İlham Əliyev: İstehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2017 18:40 (UTC +04:00)
İstehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin.
İlham Əliyev: İstehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin

Bakı. Trend:

İstehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Mən ilin əvvəlində demişdim ki, 2017-ci il iqtisadi inkişaf ili olmalıdır. Belə də oldu. Artıq bunu demək olar. Düzdür, biz hələ gələcək aylarda fəal işləməliyik, işləyəcəyik. Ancaq artıq əldə edilmiş nəticələr və giriş sözümdə səsləndirdiyim rəqəmlər deməyə əsas verir ki, bu il inkişaf ili olacaqdır. Keçən il iqtisadi, maliyyə sabitləşməsi ili olmuşdur. Bu il isə inkişaf ili olacaq. Əminəm ki, bundan sonrakı illərdə də Azərbaycan öz iqtisadi potensialını daha da gücləndirəcək".

İlham Əliyev bildirib ki, uğurlu iqtisadi islahatları və iqtisadi siyasətimizi davam etdirmək üçün əlbəttə ki, maliyyə və iqtisadi sabitlik olmalıdır: "Bu, əldə edilibdir. İlin əvvəlindən makroiqtisadi vəziyyət sabitdir. Düzdür, ilin ilk aylarında qiymət artımı müşahidə olunurdu. Ancaq son aylar ərzində demək olar ki, qiymətlər sabitləşib. İstehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin. Buna heç bir əsas yoxdur. Çünki makroiqtisadi sabitlik təmin olunur. Manatın məzənnəsi neçə aydır ki, sabitdir. İdxaldan asılılıq azalır və tələbat daha çox yerli istehsal hesabına ödənilir. Bir sözlə, makroiqtisadi sabitlik məsələləri həmişəki kimi diqqətdə olacaq və əminəm ki, ilin sonuna qədər hər hansı bir problem olmayacaq. Mən artıq qeyd etdim, bizim valyuta ehtiyatlarımız artır, xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 ayda təxminən 2 milyard dollara yaxındır. Ona görə, bizim kifayət qədər güclü iqtisadi imkanlarımız və valyuta ehtiyatlarımız var. Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə qabaqcıl ölkələr sırasındadır. Valyuta ehtiyatlarının dövlət xarici borcuna olan nisbəti də Azərbaycanı dünya miqyasında ön sıralara çıxarır. Bizdə valyuta ehtiyatları dövlət xarici borcundan 4-5 dəfə çoxdur".

Prezident vurğulayıb ki, növbəti dövr üçün prioritetlər dəyişməz olaraq qalır: "Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir. Səsləndirdiyim rəqəmlər məhz bu siyasətin təzahürüdür. Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir. Əvvəlki dövrdə proqram kimi təqdim etdiyim layihələr artıq reallaşır. Xüsusilə sənaye parklarının yaradılması uğurla gedir. Sumqayıt Sənaye parklarında rezidentlərin sayı, investisiyaların həcmi artır və maraq da çox böyükdür. Orada böyük sənaye kompleksləri yaradılır və dövlət öz tərəfindən lazım olan bütün infrastruktur layihələrini icra edir.

Mingəçevir Sənaye Parkında 9 zavod tikiləcəkdir. Bu zavodların fəaliyyəti nəticəsində 5 mindən çox iş yeri yaradılacaqdır. Ümid edirəm ki, ilin sonunda birinci zavodun açılışı da olacaq və Mingəçevir böyük sənaye şəhəri kimi özünün imkanlarını genişləndirəcək. Balaxanı Parkında 5 zavod fəaliyyətə hazırdır. Neftçala Sənaye Zonasında yaxın vaxtlarda iki müəssisə fəaliyyətə başlayacaq. Pirallahı adasında iki dərman zavodunun təməli qoyuldu. Masallı Sənaye Zonasında isə artıq torpaq sahəsi ayrılıb və 30 milyon manatdan çox investisiya təklifi qəbul edilib. Bax, bu, artıq gördüyümüz işlərin gözəl təzahürüdür. Əminəm ki, bütün rayonlarımızda tapşırıq verdiyim kimi, tezliklə sənaye zonaları yaradılacaqdır".

Dövlət başçısı deyib ki, aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir: "Bu proses geniş vüsət almışdır. Bu günə qədər bizim təşəbbüsümüzlə və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmışdır. İndi 38 böyük aqropark yaradılır. Özəl sektor bizim təşəbbüsümüzə çox məsuliyyətlə yanaşdı. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti