Bakı. Azad Həsənli - Trend:
Şənbə günü, sentyabrın 30-u Azərbaycanda banklar üçün iş günü elan olunub. Bunu Trend-ə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, həmin gün banklar adi rejimdə fəaliyyət göstərəcək.
Azərbaycan Banklar Assosiasiyasının sədri qeyd edib ki, bu qərar Azərbaycan Mərkəzi Bankı tərəfindən hesablaşma prosedurlarının ayın sonunadək başa çatdırılması məqsədilə qəbul edilib.
Mərkəzi Bankdan isə Trend-ə bildiriblər ki, III rübün başa çatması ilə əlaqədar olaraq dövlət büdcəsinə daxilolmaların kütləviliyini, xərclərin aparılmasının rəvanlığını və hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan olunub. Bununla bağlı kommersiya banklarına rəsmi bildiriş göndərilib.