...

"Azər Türk Bank"ın likvidlik əmsalı 133 faiz səviyyəsindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2017 17:50 (UTC +04:00)
"Azər Türk Bank"ın likvidlik əmsalı 133 faiz səviyyəsindədir.
"Azər Türk Bank"ın likvidlik əmsalı 133 faiz səviyyəsindədir

Bakı. Trend:

Dövlət bankı "Azər Türk Bank" bir neçə maliyyə-kredit qurumunun, o cümlədən "Azər Türk Bank"ın aktivlərinin kəskin azalması ilə əlaqədar yayılan məlumatlara münasibət bildirib.

Trend-ə daxil olan açıqlamada qeyd olunur ki, "Azər Türk Bank"ın aktivlərinin həcmi yazıda 63 faiz deyil, bu ilin əvvəlindən etibarən 37 faiz azalıb: "Bunun da obyektiv səbəbləri var. Belə ki, 2015- ci ildə Azərbaycan Mərkəzi Bankının “Bank Standart”ın sağlamlaşdırılması üçün yönəltdiyi yüksək məbləğdə vəsait "Azər Türk Bank" tərəfindən Mərkəzi Banka qaytarılıb. Bundan əlavə, bəzi kreditləşmə əməliyyatlarının maliyyələşdirilməsi üçün cəlb edilmiş, lakin hazırkı bazar şərtlərinə uyğun olmayan, yüksək faizli depozitlərin müştərilərə ödənilməsi sözsüz ki, aktivlərin bir qədər də azalmasını şərtləndirib".

Qeyd olunub ki, bankın kapital mövqeyi Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi səviyyədən yüksəkdir:

"Qeyd edək ki, prudensial göstəricilər üzrə bu il "Azər Türk Bank" əsaslı artıma nail olub və hazırda bankın likvidlik əmsalı 133 faiz səviyyəsindədir. Xatırladaq ki, bu göstərici üzrə norma 30 faiz səviyyəsində müəyyən edilib. Həmçinin 2016-cı ili yüksək mənfəətlə başa vurmaqla bank səhmlər üzrə dividend ödənişini həyata keçirib, ümumi bazar risklərini nəzərə alaraq riskli aktivlər üzrə ehtiyatlar yaradılmasına nail olub".

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti