Bakı. Hüseyn Vəliyev - Trend:
“RUN Construction and Investment” şirkəti Bakıda “Ağ şəhər” ərazisində yüksək texnologiyalı “Azerbaijan STELLA Residence” binasını inşa edəcək.
Trend-in məlumatına görə, bunu şirkətin direktoru Ramil Kərimli deyib.
R.Kərimli qeyd edib ki, hazırda planlaşdırma mərhələsində olan layihə xarici investisiyalar hesabına reallaşdırılacaq: “Qeyri-adi dizayn və texnoloji yanaşmasına görə, bina özünü təmiz su və elektrik enerjisi ilə tam təmin edəcək. Elektrik enerjisi külək hesabına hasil olunacaq, dəniz suyu isə filtrləmənin bütün mərhələlərini keçəcək və bunun sayəsində binanın texniki suya ehtiyacı tam təmin olunacaq”.
“Azerbaijan STELLA Residence” layihəsinin təqdimatı zamanı R.Kərimli bildirib ki, layihəyə Çin və Cənubi Koreyadan mütəxəssislər cəlb olunacaq:
“54 mərtəbəli bina 3 hissədən – hotel, yaşayış kompleksi və biznes-mərkəzdən ibarət olacaq. Bir müddət əvvəl layihədə iştirak etməyə maraq göstərən Çinin “Kunming&Swiss” şirkəti ilə memorandum imzalanıb”.