İyulun 30-da Şimali Kipr Türk Cumhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşa şəhərində keçiriləcək Şimali Kipr-Azərbaycan iqtisadi forumunun sonunda iki ölkə arasında əməkdaşlığa dair bir neçə sazişin imzalanması planlaşdırılıb.
Trend informasiya agentliyi xəbər verir ki, bunu Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Əhməd Erentok iyulun 26-da KİV üçün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, iqtisadi forum çərçivəsində iki ölkənin iş adamlarının iştirakı ilə 5 sektor - bank; maliyyə; turizm; inşaat; kənd təsərrüfatı, qida , ticarət və sənaye sahələri üzrə ayrı-ayrılıqda "dəyirmi masa"lar təşkil olunacaq.
"Forum çərçivəsində həmçinin Azərbaycan-Türkiyə İş Adamları Birliyi ilə Şimali Kıbrız Sənaye Palatası və Şimali Kıbrız Ticarət Palatası arasında əməkdaşlıq haqqında sazişlər imzalanacaq. Bundan əlavə, Şimali Kıbrız Banklar Birliyi ilə Azərbaycan Banklar Assosiasiyası; Şimali Kıbrız Sığortaçılar Birliyi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası; Şimali Kıbrız Turizm Birliyi ilə Azərbaycan Turizm Birlyi və Şimali Kıbrız Gənc Sahibkarlar Birliyi ilə Azərbaycan Gənc İqtisadçılar Birliyi arasında əməkdaşlıq müqavilələrinin bağlanması planlaşdırılıb",-deyə Əhməd Erentok vurğulayıb.
ATİB sədrinin sözlərinə görə, Lefkoşaya səfər edəcək Azərbaycan nümayəndə heyətinin tərkibində bir neçə QHT-lərin rəhbərləri də yer alacaqlar ki, onların da kıbrızlı həmkarları ilə əməkdaşlığa dair anlaşma sənədi imzalanacağı gözlənilir.
Xatırladaq ki, ATİB-in təşkilatçılığı ilə Azərbaycan iş adamlarından ibarət nümayəndə heyəti iyulun 27-dən 31-dək ŞKTC-də səfərdə olacaq.