...

Heydər Babayev: Həftənin sonunadək Azərbaycanın Tarif Şurasının növbəti iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2006 12:51 (UTC +04:00)

Həftənin sonunadək Azərbaycanın Tarif Şurasının növbəti iclası keçiriləcək və burada özəlləşdirmə, standartlaşdırma, rabitə və rüsumlarla bağlı məsələlərə baxılacaq. Trend bildirir ki, Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bu barədə jurnalistlərlə söhbətində deyib.

"Şura üzvləri bəzi təkliflərlə bağlı konsensusa gəliblər. Azərbaycan Dövlət əmlakının özəlləşdirilməsi üzrə Dövlət komitəsinin müraciəti ilə bağlı müəyyən məqamlar var"- deyə H.Babayev bildirib və qeyd edib ki, Şuranın qərarı həftənin sonunadək məlum olacaq.

Bununla belə, nazir qeyd edib ki, şəhərdaxili nəqliyyatda tarif dərəcələrinin artırılması üçün əsas yoxdur. "Məlum olduğu kimi, gediş haqqının artırılması üçün müvafiq instansiyalar Tarif Şurasına müraciət etməlidir, yaxud Şura özü məsələyə baxılmasına təşəbbüs göstərməlidir. Amma bu gün Şuraya heç bir müraciət daxil olmayıb"- deyə o bildirib.

H.Babayev həm də bildirib ki, İqtisadi İnkişaf Nazirliyi kredit üçün müraciət edən fiziki və hüquqi şəxslərin sayı, eləcə də təqdim olunan kreditlərin həcmi ilə bağlı banklara müraciət edib. Nazirin sözlərinə görə, sorğuya cavabların təhlilindən sonra kreditlərin ayrılmasına başlanacaq. "Amma bu, o demək deyil ki, sahibkarlara dəstək göstərilmir"- deyə nazir sonda bildirib.

Xəbər lenti

Xəbər lenti