...

ATIB 2005-ci il üzrə "Qızıl Çarx" mükafatını təqdim edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2006 14:39 (UTC +04:00)

Azərbaycan-Türk İş Adamları Birliyi (ATIB) aprelin 17-də təşkilatın 2 illik yubileyində qaliblərə "Qızıl Çarx" mükafatını təqdim edəcək. Trend agentliyinin məlumatına əsasən, bu haqda təşkilatın yaydığı mətbuat üçün məlumatda deyilir.

"İlin Dövlət Adamı", "İlin QHT-si", "İlin İş Adamı" və "İlin Elm və Sənət Adamı" nominasiyaları üzrə "Qızıl Çarx" mükafatının yaradılması haqqında qərar fevralın 11-də təşkilatın idarə heyətinin iclasında qəbul olunub.

Azərbaycan nümayəndələrinin 2005-ci ilin aprelin 27-də Şimali Kıbrıs Türk Respublikasına (ŞKTR), bir ay sonra isə ŞKTR nümayəndələrinin Azərbaycana səfəri istiqamətində göstərdiyi qətiyyətli və cəsarətli addıma görə ölkə prezidenti İlham Əliyev "İlin Dövlət Adamı" adlı birinci nominasiyaya layiq görülüb.

Bundan əlavə, "İlin QHT-si" nominasiyası ŞKTR-yə səfər zamanı ATİB ilə birinci əməkdaşlıq protokolunu imzalamaqla ölkələrarası qarşılıqlı iş birliyinin inkişafına xüsusi töhfəsini vermiş və Avrasiya İş Adamları Birliyinin (AİAB) yaradılmasında iştirak etmiş ŞKTR Sənaye Palatasına təqdim olunacaq.

"İlin İş Adamı" nominasiyasında təzyiqlərə baxmayaraq ŞKTR-yə xarici ölkə təyyarəsinin birbaşa uçuşunu həyata keçirən Nizami Cəfərov qalib seçilib.

"İlin Elm və Sənət Adamı" nominasiyası üzrə mükafat isə ŞKTR-də Azərbaycanın dünyada fərqli və zəngin mədəni irsinin, o cümlədən musiqisinin təbliğində böyük rol oynamış Azərinə verilib.

Xəbər lenti

Xəbər lenti