...

Bakı dairəvi yolunun tikintisi $50-$58 mln. həcmində qiymətləndirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2006 13:36 (UTC +04:00)

Bakı dairəvi yolunun tikintisinin layihə dəyəri hazırda $50- $58 mln. arası qiymətləndirilir. Bu barədə Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" Departamentinin rəhbəri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, bu yolun tikintisilə bağlı elan olunmuş tenderə yaxın ay ərzində yekun vurulacaq. Bundan sonra qalib şirkət birbaşa tikintiyə başlayacaq.

Layihənin dəyəri İordaniyanın "Arab Konsalt" şirkətinin yolu texniki baxımından tədqiq etməsindən sonra dəqiqləşdirilib. Layihənin bahalaşması əvvəlki texniki-iqtisadi əsaslandırmada nəzərdə tutulmamış kommunikasiya xəttlərinin yerinin dəyişdirilməsi, eləcə də 5 km-lik yolun və digər infrastrukturun inşası vacibliyi ilə bağlıdır. Xüsusilə, yolu yeni avtomobil vağzalı kompleksilə birləşdirəcək yeni körpünün tikintisi ehtimal olunur. Bundan əlavə, 90-cı illərdə TİƏ-nin hazırlanması zamanı bir sıra səhvlərə yol verilib, eləcə də bu müddət ərzində tikinti materiallarının və xidmətlərin qiyməti 44%-45% artıb.

Layihə $14,9 mln. həcmində kredit verən Küveyt İnkişaf Fondu, $10 mln. - Abu-Dabi Ərəb İnkişaf Fondu və $3,5 mln. - Azərbaycan hökumətinin vəsaitləri hesabına həyata keçiriləcək. Ərəb maliyyə institutları krediti 4 illik güzəştlə və 2,5% dərəcəsilə 20 il müddətinə ayırıb. Layihənin bahalaşması ilə əlaqədar vəsaitlərin çatışmayan hissəsi Azərbaycan tərəfindən də verilə bilər.

Xəbər lenti

Xəbər lenti