...

Bakıya verilən içməli su necə təmizlənir?

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2007 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /müx. " F.Sadıxov

Bir həftəyə yaxındır ki, Bakı şəhərinin müxtəlif rayonlarına içməli su şəffaf deyil, kəskin bulanıq halda verilirdi. Bu isə paytaxt sakinlərinə əlavə problemlər yaradıb. Onlar bulanıq suyu süzmək üçün müxtəlif üsullardan istifadə etməyə məcbur olublar.

"Azərsu" Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Aqşin Rüstəmov bildirib ki, artıq paytaxtın müxtəlif rayonlarına bulanıq suyun verilməsi dayandırılıb. O, suyun təmizlənməsi prosesinin qaydaya salındığını, sakinlərin artıq təmiz içməli su ilə təmin edildiyini deyib. Suyun bulanıq şəkildə verilməsinə gəlincə, "Azərsu"dan bunun boru kəmərlərində yaranan qəza ilə əlaqədar olduğu bildirilib.

Xatırladaq ki, Bakı şəhəri və Abşeron yarımadasında içməyə yararlı yeraltı su olmadığından onu paytaxta 150-200 km uzaqdan gətirirlər. Hazırda Bakı şəhərinin içməli suya olan tələbatı ayrı-ayrı mənbələrdən çəkilən beş kəmərin hesabına ödənilir. Bunlar 1-ci və 2-ci Şollar su kəmərləri, Samur-Abşeron kanalı ilə qidalanan Ceyranbatan su hövzəsi, 1-ci və 2-ci Kür su xətləridir. Yaxın gələcəkdə Bakya çəkilən Oğuz-Qəbələ su xətti istismara veriləndən sonra əhali həmin zonanın bulaq sularından istifadə edə biləcək.

Hazırda əksər paytaxt sakinlərini narahat edən məsələlərdən biri içməli suyun keyfiyyətilə əlaqədardır. Bakıya verilən suyun keyfiyyətliliyinə inanmayan bəzi sakinlər onu daşdan və ya pambıqdan süzür, sonra qaynadıb içirlər.

"Azərsu" isə əhalini əmin edir ki, Bakıya verilən suyun fiziki-kimyəvi və bakterioloji keyfiyyətinə ciddi nəzarət edilir. "Azərsu" nümayəndəsinin sözlərinə görə, 2002-ci ildən etibarən Bakı şəhərinə verilən suyun keyfiyyəti Ümumdunya Səhiyyə Təşkilatının standartlarına uyğunlaşdırılıb. Kür çayı və Ceyranbatan gölünün suları bulanıq olduğundan əvvəlcə təmizləyici qurğularda emal olunur və onların tərkibinə kimyəvi birləşmələr qarışdırılır. Daha sonra həmin su qum filtrlərindən keçərək ən kiçik hissəciklərdən təmizlənir. Nəhayət sonda içməli suyun zərərsizləşdirilməsinin ən etibarlı üsulu xlorlama həyata keçirilir. Yalnız xlorlama prosesindən sonra su içməyə yararlı sayılır. "Azərsu" mütəxəssislərinin sözlərinə görə, içməli suyun tərkibinə normaya uyğun miqdarda xlorun qarışdırılması zəruridir. Bunun nəticəsində su borularda təkrar bioloji çiklənməyə məruz qalmır.

Səhmdar Cəmiyyətin hər gün su təchizatı sisteminin əsas mənbələrindən və su şəbəkəsinin 25 ayrı-ayrı nöqtəsindən (məktəblər, uşaq bağçaları, vağzal, yaşayış binaları, hərbi hissələr, bazarlar) götürdüyü su nümunələri Bakı Su Kəməri İstehsalat İdarəsinin laboratoriyasında müayinə olunur. Burada suyu kimyəvi, sanitar-bakterioloji və radioloji müayinədən keçirirlər. Laboratoriya Respulika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən də daimi nəzarətdədir.

Xəbər lenti

Xəbər lenti