...

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi İsrail sahibkarlarını neft sektorundakı müqavilələrin reallaşmasında iştirak etməyə çağırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2007 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı/müx. Trend İ.Xəlilova/ Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi İsrail sahibkarlarını Azərbaycanın neft sektorunda həyata keçirilən layihələrdə daha fəal iştirak etməyə dəvət edir. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev İsrailin xarici işlər nazirinin birinci müavini Yossi Qalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı bildirib ki, əməkdaşlığın inkişafı üçün informasiya texnologiyaları, kənd təsərrüfatı, qida sənayesi, turistlər üçün nəzərdə tutulan obyektlərin tikintisi və bərpası, meliorasiya və irriqasiya sahəsində imkanlar var. "Batiman Litvin" və "Tahal Qroup" kimi İsrail şirkətləri Oğuz-Qəbələ-Bakı su təchizatı layihəsinin fəal iştirakçılarıdır. Azərbaycanda beynəlxalq iqtisadi əlaqələrin inkişafına böyük önəm verildiyini vurğulayan cənab Babayev qeyd edib ki, investisiyaların qorunması, xarici sərmayəçilərə yerli investorlarla bərabər şəraitin yaradılması ölkəmizə xarici investor marağını daha da artırıb, xarici sərmayələrin axını güclənib. 2006-cı ildə ölkəyə investisiya axını 7,6 milyard dollar təşkil edib. Görüşlərdə iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, müasir texnologiyaların Azərbaycanda tətbiqi, ticarət əlaqələrinin genişləndirilməsi məsələləri ilə bağlı ətraflı müzakirələr aparılıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən cənab Yossi Qal ölkələrimiz arasında əlaqlərin inkişafından məmnunluğunu ifadə edib, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin hər iki ölkə üçün faydalı olacağını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti