...

Samur-Abşeron kanalının bərpası layihəsi üzrə monitorinqin nəticələri açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2007 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ QHT nümayəndələrindən ibarət monitorinq qrupu cümə axşamı Azərbaycan Dövlət Neft Fondu (ADNF) tərəfindən maliyyələşdirilən Samur-Abşeron kanalının bərpası layihəsi üzrə monitorinqinin nəticələrini açıqlayıb.

Monitorinq ADNF və "Meliorasiya və su təsərrüfatı" ASC tərəfindən təqdim olunan məlumatlar əsasında aparılıb. Qrup hesab edir ki, ADNF layihənin reallaşması məqsədilə ayrılan vəsaitlər üzərində nəzarəti lazımi səviyyədə həyata keçirmir. Fondda xərclərə nəzarət edən dəqiq mexanizm yoxdur və layihənin reallaşması ilə bağlı məsuliyyət icraçı şirkətlərin üzərinə düşür.

"ADNF ayrılmış böyük həcmdə vəsaitlər üzərində nəzarəti ələ almalıdır, belə ki, Fond ölkənin neft gəlirlərindən səmərəli istifadəni həyata keçirməlidir", - monitorinq qrupu hesab edir.

Layihənin icraçısı olan "Meliorasiya və su təsərrüfatı" ASC məsələsinə toxunaraq qrup bildirir ki, dövlət müəssisəsinin ictimaiyyətlə işində qüsurlar var, belə ki, layihə çərçivəsində görülən işlər hərtərəfli işıqlandırılmır. ASC-nin lazımi informasiyanı yerləşdirə biləcəyi İnternet səhifəsi yoxdur.

Qrup həmçinin təsdiq edir ki, layihəni qiymətləndirəcək kifayət qədər mütəxəssis yoxdur.

2006-cı ildə ADNF layihənin reallaşması məqsədilə 37 mln. manat ayırıb, bu məbləğin 20 mln. manatı tikinti işləri üçün podratçılara təqdim olunub.

Məbləğin qalan hissəsi isə tikinti işləri gedən ərazilərdə müvəqqəti məskunlaşan qaçqınlar üçün qəsəbələrin tikintisinə və Dəvəçi rayonunun Üzümlü kəndinin sakinlərinə torpaq sahələri və evlərin əvəzinə kompensasiya olaraq ödənilib.

Monitorinq qrupu hesab edir ki, hazırkı qiymətləri nəzərə alsaq, qaçqınlar üçün evlərin tikintisinə sərf olunan xərclər həddən artıq çoxdur.

Orta hesabla tikilən hər bir evə 23 min manat sərf olunub. Bundan əlavə qeyd olunub ki, hər bir ev və 20 sotluq torpaq sahəsi üçün bir sakinə 4,2 min manat ödənilib ki, bu da hazırkı bazar qiymətlərinə uyğun gəlmir.

"Meliorasiya və su təsərrüfatı" ASC-nin elm, tikinti və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Məmməd Əsədovun verdiyi məlumata görə, sakinlərə verilən kompenasiyanın həcmi hökumət tərəfindən təsdiqlənən normativ sənədlər əsasında müəyyən edilib.

İctimaiyyətlə əlaqələrə gəldikdə isə, bu gün artıq ASC-nin rəsmi səhifəsi var.

ADNF-nun nümayəndəsi isə fikir bildirməkdən imtina etib.

ADNF su-elektrik stansiyası ilə birlikdə Taxtakörpü su anbarının tikintisinə 277 mln. manat ayırıb. Bu məbləğə stansiya üçün avadanlığın alışı da daxildir. Hazırda "Taxtakörpu-Ceyranbatan kanalının tikintisi" layihəsinin işlənib hazırlanma prosesi gedir. Sənədlər "Meliorasiya və su təsərrüfatı" ASC tərəfindən Fonddan ayrılmış vəsait çərçivəsində hazırlanır.

Xəbər lenti

Xəbər lenti