...

İraq nefti: cazibə riskə qarşı

Energetika Materials 4 Sentyabr 2008 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr/ Trend , müxbir A.Bədəlova/ Ölkədə tənzimlənməmiş qeyri-sabit vəziyyət olsa da, İraq neftinin hasilatı və ixracı əcnəbi şirkətlər üçün cəlbedicidir, Trend -ın sorğu apardığı Qərb ekspertləri belə hesab edirlər.

"Əcnəbi şirkətlər İraqa sərmayə yatırmaqda son dərəcə maraqlıdırlar", - Amerikanın Trinity Univeristetinin beynəlxalq əlaqələr professoru Meri En Tetro (Mary Ann Tetreaul) cümə axşamı elektron poçtla Trend -a bildirib.

Onun sözlərinə görə, daxili bazarın tələbatını ödəmək üçün İraqa böyük həcmdə enerji lazımdır.

"Ölkədə işlənilməmiş və kifayət qədər istifadə olunmayan yataqlar var. İraq daha çox neft satarsa, ölkə (xammal satışından əldə edilən gəlirlər hesabına) günəş enerjisindən, tələbatının bir hissəsini ödəmək üçün külək generatorlarından istifadə edə bilər", - o qeyd edib.

Amerikanın Energy Securities Analysis (ESAI) analitik şirkətinin eksperti Endrü Ridin (Andrew Reed) sözlərinə görə, istehlakçı-ölkələr İraq neftinə sərmayə yatırmaqda daha çox maraqlıdırlar.

"Çin kimi iri istehlakçı dövlətlərin neft şirkətləri İraqda neft hasilatında iştirakda daha çox maraqlıdırlar", - Rid cümə günü elektron poçtla Trend -a bildirib.

Onun sözlərinə görə, bu, gələcəkdə istehlakçı ölkələrlə rəqabət aparmaqdansa, özünü neftlə təmin etməyin yaxşı üsuludur.

Çinin Milli Neft Şirkəti (CNPC) Bağdadla Vazit əyalətində "Əl-Əhdab" neft yatağının işlənilməsinə dair $3 mlrd. dəyərində müqavilə bağlayıb. Neft hasilatı haqqında müqavilə 1997-ci ildə imzalansa da, sonradan dondurulub. İlkin olaraq, sazişin məbləği $700 mln. qiymətləndirilib.

Tetronun sözlərinə görə, İraqa sərmayə axınına mane törədən əsas səbəblər təhlükəsizlik və sanksiyaların tətbiqi, həmçinin əcnəbi dövlətlər arasında enerji siyasətinə keçə biləcək münaqişlərin bərpasıdır.

"Çinlilərin riskə getmələri üçün öz səbəbləri var. Maneələrə baxmayaraq, digər şirkətlərin İraqı cəlbedici edən digər səbəbləri ola bilər", - Tetro bildirib.

Onun rəyinə görə, iri şirkətlər Kərkük ətrafında problemlərin həllini gözləməyi üstün tutacaqlar. Amerikalı professorun rəyinə görə, onların İraqdakı növbəti seçkilərin nəticələrini və digər hökuməti gözləmələri mümkündür.

"İraq təhlükəsizliyini təmin edə bilərdi, lakin heç kim zəmanət verə bilmir", - Tetro bildirib. Kərkük sutkalıq gücü 1 mln. barel olan boru kəməri ilə Türkiyənin Ceyhan limanı ilə birləşdirilib. Müharibədən əvvəl Kərkükdə gündə təxminən 700 min barel neft hasil edilirdi. Amerikanın İraqda apardığı sonuncu əməliyyatlar zamanı və müharibədən sonrakı vaxtda boru kəməri daimi terror aktları ilə əlaqədar böyük fasilələrlə işləyib.

Amerikalı professorun sözlərinə görə, problem İraqdakı mübarizənin başa çatmamasından ibarətdir və dövlətin hansı formada idarə ediləcəyi məlum deyil.

"Xarici terrorçulardan azad olan İraq böyük uğurlara nail olsa da, bizim cinayətkar təşkilatların həm milli, həm də transmilli səviyyədə inkişaf dərəcəsi və hökumətə nəzarət edən insanların hakimiyyəti bölüşməyə hazır olub-olmamaları barədə ən kiçik təsəvvürümüz belə yoxdur", - Tetro bildirib.

Onun sözlərinə görə, sərmayədarlar bir-biri ilə mübarizə aparan qruplaşmalar, cinayətkarlar və polis arasında çarpaz atəş altına düşmə təhlükəsi ilə üz-üzədirlər.

Məqalənin hazırlanmasında E.Tariverdiyeva da iştirak edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti