Qazaxıstan, Astana, 15 oktyabr/ Trend , müxbir K.Konırova/ Çərşənbə günü Astanada "Qazaxıstan - Avropa İttifaqı" Alt Komitəsinin 10- cu iclası keçirilib. Tərəflər iclasda ticarət, sərmayə mühiti, vergilər, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq məsələlərini müzakirə ediblər, - Trend -ın Astanadakı xüsusi müxbiri xəbər verir.
Qazaxıstanın sənaye və ticarət nazirinin müavini Janar Aytjanova bildirib ki, Qazaxıstanın Aİ ölkələrinə ixracının 70 faizini neft təşkil edir. Lakin Qazaxıstanın neftə, filizin ixracına gömrük rüsumları tətbiq etməsi Avropa İttifaqının narazılığına səbəb olub.
"Biz anlayırıq ki, ixrac rüsumunun tətbiqi neft və metalların qiymət artımına səbəb olub. Lakin xammalın hazırki dünya qiymətləri şəraitində, neft və filizin satışından Qazaxıstan büdcəsinə daxil olan gəlir uyğun olmalıdır", - Aytjanova bildirib.
Enerji tranziti ikinci mübahisəli məsələ olub. Qazaxıstan ÜTT-yə daxil olan bütün ölkələrə milli şirkətlərin enerji sektorunda malik olduqları hüquqları verməyə, hələ ki, hazır deyil.
Üçüncü mübahisəli məsələ maliyyə bazarının liberallaşmasına toxunub. Söhbət Qazaxıstanın, xarici bankları daxili bazara birbaşa buraxıb-buraxa bilməyəcəyindən gedir.
"Dünya maliyyə böhranı şəraitində, biz dövlətin bank və sığorta xidməti sahələrində iştirakının böyük olmasına təkid edirik", - Aytjanova bildirib.
Aİ-nin Qazaxıstandakı nümayəndəliyinin rəhbəri Norber Jüsten bildirib ki, bu gün Qazaxıstanın ÜTT-yə daxil olması üzrə danışıqların sonuncu mərhələsi baş tutacaq.
"Mübahisəli məqamlara baxmayaraq, biz bu istiqamətdə irəliləyişin olacağını gözləyirik", - Jüsten əlavə edib.
İndiyədək 26 ölkədən 21 ilə danışıqlar başa çatdırılıb və Qazaxıstan 2010 - cu ilə ÜTT-in üzvü olmağa ümid edir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]