...

Azərbaycan, Ukrayna və Avropa təhlükəsizliyi

Energetika Materials 10 Aprel 2009 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir S.Əliyev /

Azərbaycan və Ukrayna Azərbaycan qazının Avropa ölkələrinə tədarükü məsələsi üzrə ümumi mövqe formalaşdırmaq niyyətindədir. Bunun üçün xarici işlər nazirləri səviyyəsində məsləhətləşmələr aparılacaq. Bu barədə rəsmi səfəri zamanı Bakıda Ukrayna Prezidenti Viktor Yuşşenko bildirib.

Bu gün Avropaya qaz tədarükü marşrutlarının şaxələndirilməsi məsələsi enerji məsələlərində Avropa İttifaqının əsas məqsədidir. Ukrayna və Azərbaycan bu məsələdə mühüm yerə malikdir.

Avropaya enerji tədarüklərinin şaxələndirilməsi prosesinin fəallaşdırılması birbaşa Ukrayna ilə bağlıdır. Ukrayna-Rusiya qaz münaqişəsi nəticəsində, bu ilin qışında Avropa İttifaqı ölkələrinin böyük hissəsi qazsız qaldı. Aİ-yə qaz tədarük edən əsas ixracçı olan Rusiya qiymətlə bağlı razılığın əldə olunmaması səbəbindən Ukraynadan yanacaq tədarükünü dayandırdı. Bununla belə, Rusiya qazının Avropaya tədarükünün əsas hissəsi məhz Ukrayna ərazisindən həyata keçirilir.

Bunun nəticəsində Avropa ölkələri Rusiya qazına alternativ tədarük mənbələri axtarışlarını fəallaşdırmağa başladılar. Avropaya bütün alternativ qaz tədarükü marşrutları üçün hər şeydən əvvəl, Xəzər regionun adını çəkmək olar. Bu onunla izah olunur ki, İran və İraq kimi potensial mənbələrdən qaz tədarükü bu ölkələrdə siyasi vəziyyətin yaxşı olmaması və Aİ-nin Tehrana qarşı qadağalar tətbiq etməsinə görə çətinləşir.

Bu gün Azərbaycan təkcə ixrac tədarüklərinin həyata keçirilməsi təcrübəsinə malik ölkə deyil, həm də nəql marşrutlarına malik dövlətdir. Bu gün ölkədə 1,2 trln. kubmetr qaz ehtiyatlarına malik "Şahdəniz" iri qazkondensat yatağı istismar olunur. Bu qaz Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzrum) ilə Türkiyəyə tədarük olunur. Türkiyə Avropa İttifaqı tərəfindən "Nabukko", ITGI, Transadriatik qaz kəmərləri kimi alternativ marşrutlar üzrə qaz tədarükü üçün əsas "şəbəkə" kimi nəzərdən keçirilir.   

Azərbaycanda qazın ixrac tədarükləri üçün bütün lazımi infrastrukturun olması - Azərbaycandan başlayan və ölkə ərazisindən keçən marşrutlar Xəzər regionundan qaz tədarükünü daha cəlbedici edir.

Respublika, həmçinin alternativ qazın Xəzərin Şərq sahilləri - Qazaxıstan və Türkmənistandan Avropaya tədarükü üçün yeganə tranzit marşrutudur. Yanacağın bu növünün əhəmiyyətli ehtiyatlarına malik olan Qazaxıstan və Türkmənistandan bütün qalan qaz tədarükü marşrutları ya Rusiyadan, ya da İrandan keçəcək.

Lakin Türkiyədən keçən marşrut regiondan Avropaya qaz tədarükü qismində yeganə marşrut deyil. Əvvəllər Ukrayna yeni marşrut - "Ağ axın"ın ("White Stream") yaradılması təklifi ilə çıxış etmişdi.

"Ağ axın" layihəsinə əsasən, Azərbaycanın "Şahdəniz" yatağından qazı Gürcüstan ərazisindən Qara dənizin dibi ilə Ukraynaya və Aİ ölkələrinə tədarük etmək planlaşdırılır. Layihəni hazırlayanların konsepsiyasına əsasən, boru kəməri Tbilisi yaxınlığında yerləşən və təxminən 100 km uzunluğunda olaraq Gürcüstan ərazisindən Qara dənizə yönələn Cənubi Qafqaz qaz kəmərinə birləşəcək. Oradan təxminən 650 km boru ilə kəmər dənizin dibi ilə Krıma çatdırılmalı, sonra Feodosiyadan Ukraynanın tranzit sisteminə qoşulmalıdır. Alternativ plan boru kəmərinin Rumıniyaya qədər uzadılmasını nəzərdə tutur.

İlkin mərhələdə boru kəmərinin gücünün ildə səkkiz milyard kubmetr qaz olacağı gözlənilir. Belə olan halda qaz kəməri tamamilə Azərbaycanın "Şahdəniz"yatağının hesabına doldurulacaq. Sonra "Ağ axın" TransXəzər qaz kəmərinə qoşula bilər. Bu halda boru kəmərinin ikinci xətti Xəzərin dibi ilə çəkiləcək və White Stream-in gücü ildə 24-32 milyard kubmetrə qədər arta bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti