...

Qazın qiymətini istehsalçı müəyyən etməlidir - Türkmənistan Prezidenti

Energetika Materials 23 Aprel 2009 14:21 (UTC +04:00)

Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhammedov hesab edir ki, qazın qiymətinin müəyyənləşdirilməsi istehsalçının müstəsna hüququdur.

"Bununla yanaşı, istehsalçı iqlim şəraitindən asılı olaraq dəyişən hasilatın maya dəyəri, karbohidrogenlərin yerləşmə dərinliyi, onların hasilatı və yataqların istismar müddətinə əsaslanmalıdır", - türkmən lider, cümə axşamı Aşqabadda işə başlamış "Enerji daşıyıcılarının etibarı, sabit nəqli, davamlı inkişaf və beynəlxalq əməkdaşlığın təminatında rolu" beynəlxalq konfransında çıxış edərkən deyib, RİA Novosti xəbər verir.

Türkmənistan Prezidenti qeyd edib ki, bir sıra ciddi obyektiv səbəblər üzündən təbii qazın istehsalçı-ölkələrinin beynəlxalq strukturunun yaradılması ideyası qiymət məsələləri həll edilmədən nəticə vermir. Türkmənistan rəhbərinin fikrincə, təbii qazın qiymətinin formalaşdırılmasının yeganə düzgün sxemi satıcı və alıcı arasında razılaşmadır.

Berdımuhammedov qeyd edib ki, Türkmənistan öz tərəfdaşı ilə konkret razılaşmaları çərçivəsində təbii qazın qiymətini onun hasilatına çəkilən xərcləri nəzərə almaqla və dünya bazarındakı qiymət siyasəti tendensiyalarına əsaslanaraq müəyyən edir.

Bununla yanaşı, türkmən lider bildirib ki, enerji resurslarının tədarükünün siyasiləşdirilməsi cəhdləri, onlardan öz siyasi hədəflərinə çatmaq üçün istifadə olunması, yaxud hansısa korporativ maraqların həll olunması üçün istifadə olunması məntiqə və cari qlobal inkişafın tələblərinə uyğun deyil.

"Təcrübə göstərir ki, belə hallarda qaçılmaz uzunmüddətli itkilər əldə olunmuş səmərədən xeyli çox olur", - Prezident Berdımuhammedov deyib.

Ekspertlərin hesablamalarına görə, hazırda Türkmənistanın karbohidrogen resursları - 20,8 milyard ton neft və 24,6 trilyon kubmetr qazdır. Gaffney, Cline & Associates (Böyük Britaniya) şirkətinin Cənubi Yeloten - Osman yataqlarında keçirdiyi auditin nəticələri əsl sensasiya yaradıb. Brtaniyalı ekspertlərin məlumatına görə, bu yataqda 4-14 trilyon kubmetr qaz ehtiyatı var və o, dünyada dördüncü-beşinci yeri tutur.

Xəbər lenti

Xəbər lenti