Azərbaycan, Bakı, 16 may / Trend /
"Avropa İttifaqı "Nabukko" qaz kəməri layihəsinin realizəsi üzrə işləri sürətləndirməlidir", - Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Türkiyənin CNN Turk kanalı ilə canlı yayımlanan mətbuat konfransında deyib.
"Türkiyə bu layihə üzrə öz üzərinə düşən işləri görməyə hazırdır. Qazın nəqli bizim ərazimizdən keçərsə, biz qaz nəqli xəttlərini yaratmağa hazırıq", - Ərdoğan bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə bu layihədə tədarükçü deyil, istehlakçı və tranzit ölkə rolunda çıxış edir.
Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.