...

Nabukko üzrə hökumətlərarası müqavilə Türkiyənin güzəştli qaz məsələsini həll etməyəcək

Energetika Materials 9 İyul 2009 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir А.Bədəlova /

"Nabukko üzrə hökumətlərarası müqavilə Türkiyənin kəmərlə nəql olunacaq qazın 15 faizini almaq niyyəti haqda bəndi ehtiva etməyəcək", - Türkiyənin yüksək vəzifəli nümayəndəsi deyib, Energy Intelligence Group yazır.

"Bu məsələ üzrə danışıqlar davam etdirilir. Ancaq hökumətlərarası müqavilədə bu maddə yoxdur. Bu məsələ ayrı-ayrı müqavilələrin vasitəsilə həll ediləcək", - mənbə bildirib.

Bir müddət əvvəl Türkiyə ölkədə sürətlə artan tələbatın ödənilməsi üçün, "Nabukko" ilə nəql edilən yanacağın ümumi həcmindən 15 faizini güzəştli qiymətlərlə almağı tələb edirdi.

Bir az öncə digər mənbə bildirib ki, Türkiyə "Nabukko" qaz layihəsinin realizəsinin sürətləndirilməsi məqsədilə, bu kəmər vasitəsilə onun ərazisindən nəql ediləcək Xəzər və Yaxın Şərq tranzit qazına olan tələblərini azaltmaq qərarına gəlib.

Türkiyənin BOTAS dövlət boru kəməri şirkətinin məlumatına görə, 2010-cu ildə Türkiyədə qaza tələbat 43,806 milyard kubmetr təşkil edəcək ki, bu da 2009-cu ildəki 40,903 milyard kubmetrlik həcmdən 7 faiz çox olacaq. Türkiyənin əsas qaz tədarükçüləri Rusiya, Əlcəzair, Nigeriya və Azərbaycandır.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək.  Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Layihə üzrə hökumətlərarası müqavilə iyulun 13-də Ankarada imzalanacaq. Hökumətlərarası müqavilənin imzalanmasından sonrakı addım "open season" prosesi - boru kəmərinin doldurulmasına sifarişlərin qəbulu prosesi olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti