...

Azərbaycan Respublikası "Azərikimya" Dövlət Şirkəti ilin birinci yarısını yüksək göstəricilərlə başa vurub

Energetika Materials 24 İyul 2009 18:30 (UTC +04:00)

Nazirlər Kabinetinin iyulun 22-də 2009-cu ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları ilə bağlı keçirilmiş geniş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ölkə iqtisadiyyatının ciddi bir dəyişikliyə uğramadan stabil inkişafının əsas səbəblərindən biri dövlətin yalnız neft sektorunun deyil, həm də qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqət və real qayğıdır. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatı dünyanı bürümüş maliyyə böhranı fonunda duruş gətirməyi bacarıb.

Ölkə kimyaçılarının qarşıya çıxa bilən hər cür çətinliklərin öhdəsindən uğurla gəlmək, istehsalat ahəngini, iş ritmini qoruyub saxlamaq əzmi ilə yanaşı, Azərbaycanın neft-kimya kompleksinin güclü və etibarlı texnoloji bazaya, ən müxtəlif kimyəvi məhsulların istehsalını təmin edə bilən texnoloji qurğu və unikal avadanlıqlara malik olması respublikamızın kimya sənayesinin stabil fəaliyyətinin əsasını təşkil edir.

Neft-kimya və kimya sənayesinin nəinki dünən və bu gün, hətta on illər sonra da dinamik inkişafını təmin etməyə qadir olan belə bir böyük istehsalat kompleksini, bu cür zəngin texnoloji bazanı, nəhəng qurğu və avadanlıqları isə ulu öndərimiz, öz dahiyanə fəhmi ilə gələcəyi irəlicədən görmək, duymaq qüdrətinə malik olmuş Heydər Əliyev müasir Azərbaycanımız üçün hələ neçə illər əvvəl məqsədyönlü və ardıcıl şəkildə hazırlıq görərək, əbədi bir miras kimi xalqımıza yadigar qoyub.

Bu fikri söyləyən Azərbaycan Respublikası "Azərikimya" Dövlət Şirkətinin prezidenti, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Məcid Kərimov bildirmişdir ki, məhz Heydər Əliyevin uzaqgörən strategiyasının real nəticəsi olaraq ölkənin bir çox sənaye sahələrində olduğu kimi, neft-kimya sənayesində də qlobal iqtisadi böhrana baxmayaraq zavodların fəaliyyəti davam etməkdədir.

Bir çox dünya ölkələrinin nüfuzlu şirkət və firmalarını, sənaye və kənd təsərrüfatını az qala iflic vəziyyətinə salmış maliyyə böhranı Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin, həmçinin kimya kompleksinin fəaliyyətinə müəyyən təsir göstərsə də, butövlukdə müəssisələrin iş rejimində ciddi maneəyə səbəb olmayıb. Ölkə kimyaçıları buna Ulu öndərimizin böyük iqtisadi siyasətinin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin kimya sənayesinə, onun inkişafına göstərdiyi daimi diqqət və qayğının sayəsində nail ola biliblər. Təkcə bunu demək kifayətdir ki, son illər ərzində neft sindromunun bütün dünyada iqtisadi problemlərlə müşayiət olunmasına baxmayaraq, bilavasitə ölkə rəhbərinin qayğısının real nəticəsi olaraq respublikamızın kimya müəssisələrinin xammalla və enerji daşıyıcları ilə təchizatında heç bir fasilə, heç bir çətinlik olmayıb.

Ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycanda neft-kimya sahəsinin inkişafı üçün yeni və daha böyük perspektivlər açılmaqdadır. Bu gün onlarla adda və çox qiymətli, yüksək keyfiyyətli kimyəvi məhsulları dünyanın 30-dan artıq ölkəsinə ixrac edilməklə beynəlxalq bazarda özünə layiqli yer tutmuş Azərbaycanın neft-kimya kompleksinin ən müasir texnologiyalar və yüksək məhsuldarlıqlı avadanlıqlar əsasında qurulması, tələbatın daha yüksək olduğu yeni kimya məhsullarının istehsalına başlanılması istiqamətində aparılan geniş miqyaslı işlər yaxın gələcəkdə ölkəmizi kimya sənayesi məhsullarının istehsal həcmi və keyfiyyəti baxımından dünyanın aparıcı, lider dövlətlərindən birinə çevirəcəkdir.

Bu gün ölkə iqtisadiyyatının inkişafında və ixrac potensilının artmasında mühüm rol oynayan "Azərikimya" Dövlət Şirkətində istehsalat sahələrinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və məhsulların keyfiyyətinin dünya standartlarına çatdırılması sahəsində aparılan məqsədyönlü tədbirlər onun sabahkı güclü və sürətli inkişafı üçün real zəmin yaradır.

Azərbaycan Respublikası Prezidentinin neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi və istehsalata ən müasir texnologiyaların tətbiqi ilə bağlı tapşırıqlarına uyğun olaraq "Azərikimya" Dövlət Şirkətinin Azərbaycanda ən yüksək beynəlxalq standartlara cavab verən yeni neft-kimya və gübrə kompleksinin yaradılması sahəsində apardığı işlər bu gün dünyanın bir çox aparıcı neft-kimya şirkətlərinin diqqət mərkəzindədir.

İnşasının yaxın dövrdə başlanılması nəzərdə tutulan yeni neft-kimya kompleksinin Texniki-İqtisadi Əsaslandırma sənədlərinin hazırlanaraq, başa çatdırılması istiqamətində son illər Şirkət rəhbərliyi tərəfindən real nəticələrə nail olunmaqla intensiv iş aparılmaqdadır. Son iki il ərzində yeni komplekslə bağlı müvafiq sənədlər bütün prosedur qaydalarına uyğun olaraq dünyanın ən qabaqcıl şirkətləri ilə birlikdə hazırlanıb və beynəlxalq banklar və investorlar tərəfindən qəbul edilib.

Xüsusilə qeyd etmək lazımdır ki, yeni yaradılacaq neft-kimya və gübrə kompleksi Aralıq dənizi ilə Xəzər regionu hövzəsində ən müasir və ən yüksək texnologiyalar tətbiq edilən dünya səviyyəli bir layihədir. Layihədə "Exxon Mobile" (ABŞ), "İneos" (İngiltərə), "Basell" (Hollandiya), "Uhde" (Thysenn Krupp - Almaniya), "Technip" (Fransa), KBR (İngil­tərə) firmalarının müasir texnologiya­la­rı­­nın tət­biqi nəzərdə tutulmuş və əməkdaşlıq haqqında memorandum imzalanıb.

Heç şübhəsiz ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizdə neft-kimya sənayesinin də dinamik inkişafı üçün böyük perspektivlər açacaqdır. Möhkəm özülə malik bu strategiya Azərbaycanı nəinki dünyanı sarsıdan iqtisadi və maliyyə böhranlarından qətiyyətlə qoruyacaq, hətta ölkəmizin güclü və qüdrətli iqtisadiyyata malik bir ölkə kimi liderlər sırasında olmasını etibarlı və dönməz şəkildə təmin edəcəkdir.

Xəbər lenti

Xəbər lenti