Azərbaycan, Bakı, 14 avqust / Trend /
"ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yanvar-iyul aylarında Gürcüstana 591,7 milyon kubmetr qaz tədarük edib. Ötən ilin analoji dövründə bu rəqəm 131,3 milyon kubmetr olub", - şirkətin məlumatında deyilir.
İyulda ARDNŞ Gürcüstana 40,85 milyon kubmetr qaz ixrac edib.
Gürcüstana qaz tədarükü ötən ilin aprelində başlayıb. Ümumilikdə 2008-ci ildə Gürcüstana təxminən 788,93 milyon kubmetr qaz tədarük edilib.
Ötən ilin noyabrında Azərbaycan və Gürcüstan arasında 2009-cu ildən başlayaraq qarşıdakı beş il ərzində ARDNŞ-nin Gürcüstan qaz bazarındakı fəaliyyətini fəallaşdırmaq imkanı verən müqavilə imzalanıb. Memoranduma əsasən, layihənin realizəsi üçün ARDNŞ Gürcüstan höküməti tərəfindən müəyyən edilmiş qaz istehlakçıları qruplarını təmin edən törəmə müəssisəsi yaradıb.