...

Ceyhan neft terminalından 840 milyon bareldən çox neft yüklənib

Energetika Materials 3 Mart 2010 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir E.İsmayılov/

2006-cı il iyunun 2-dən Botas International Limited (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından "Bakı-Tbilisi-Ceyhan" (BTC) neft kəməri ilə nəql olunan 1073 tanker neft yüklənib. Bu barədə BIL şirkətinin rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

BIL xarici şirkətlərlə əməkdaşlıq əlaqələrinin yaradılması üçün Türkiyənin Dövlət Boru Şirkəti Botaş tərəfindən təsis edilib. 2001-ci ildə şirkət BTC neft kəmərinin istismara verilməsi məqsədi ilə yenidən təşkil edilib.

Məlumatda deyildiyi kimi, həmin dövr ərzində tankerlərə yüklənmiş neftin həcmi 844 milyon barel təşkil edib. BTC neft kəməri vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan neft nəql olunur.

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumatına görə, 2009-cu ildə BTC boru kəməri vasitəsi ilə təxminən 36,2 milyon ton Azərbaycan nefti nəql edilib. Bu ilin yanvar ayının 1-nə olan məlumata görə, "Bakı-Tbilisi-Ceyhan" neft kəməri işə başlayandan bəri həmin boru kəməri vasitəsilə 106,5 milyon ton neft nəql edilib.

Ümumi uzunluğu 1768 kilometr olan BTC neft boru kəmərinin 443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprel, onun neft ilə dolduulmasına isə 2005-ci ilin may ayının 18-də başlanılıb.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1%); AzBTC (25%); Chevron (8,90%); Statoil (8,71%); ТРАО (6,53%); Eni (5%); Total (5%); Itochu (3,40%); Inpex (2,50%); ConocoPhillips (2,50%) və Amerada Hess (2,36%)

Xəbər lenti

Xəbər lenti