...

İndiyə kimi Azərbaycan "Şahdəniz" yatağından 5,4 milyard kubmetr qaz əldə edib

Energetika Materials 21 Aprel 2010 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend/

"Azəri-Çıraq-Günəşli" yataqlar bloku işləməyə başlayandan bəri bu yataqlardan 45,4 milyard kubmetr səmt qazı əldə edilib ki, onun da 19,1 milyard kubmetri Azərbaycanın payına düşür. Bu barədə çərşənbə günü Azərbaycan Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli bildirib.

Bu yataqlarda qalan səmt qazının həcmi laylara doldurulur və avadanlıqların, mexanizmlərin işləməsi üçün istifadə edilir.

"Şahdəniz" yatağının işlədiyi andan etibarən 19,2 milyard kubmetr qaz hasil edilib ki, onun da 5,4 milyard kubmetri Azərbaycanın payına düşüb", - Mənsimli bildirib.

Onun sözlərinə görə, "Şahdəniz" yatağından hasil edilən qazın ümumi həcminin 11,9 milyard kubmetri mövcud müqavilə çərçivəsində Türkiyəyə, 1,1 milyard kubmetri isə Gürcüstana göndərilib. Qalan həcm avadanlıqların və mexanizimlərin işləməsi üçün, xüsusilə də "Bakı-Tbilisi-Ceyhan" boru kəmərində nasos stansiyaları üçün yanacaq qismində istifadə olunub.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz.

Hazırda qaz Gürcüstana və Türkiyəyə Cənubi Qafqaz kəməri ilə nəql olunur. 2009-cu ildə "Şahdəniz"in işlənməsi layihəsi üzrə "Mərhələ-1" çərçivəsində 9 milyarddan çox kubmetr qaz hasil ediləcək.

Bu layihənin birinci mərhələsində qaz yataqdan Cənubi Qafqaz qaz kəməri ilə Gürcüstan və Türkiyəyə nəql olunur. Azərbaycan da həmçinin alıcı qismində çıxış edir.

"Azəri-Çıraq-Günəşli" layihəsi üzrə birgə işləmə və hasilatın pay bölgüsü barədə saziş 1994-cü ilin sentyabrında imzalanıb. Müqavilənin fəaliyyət müddəti 30 ildir. "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları bunlardır: BP (operator - 34,1%), "Chevron" (10,2%), ARDNŞ (10%), INPEX (10%), "StatoilHydro" (8,6%), "ExxonMobil" (8%), TRAO (6,8%), "Devon" (5,6%), ITOCHU (3,9%), "Hess" (2,7%).

Xəbər lenti

Xəbər lenti