...

"Şahdəniz"in tərəfdaşları işlənmənin ikinci mərhələsi üzrə potensial qaz alıcıları ilə danışıqlara başlayacaqlar

Energetika Materials 5 Avqust 2010 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir A.Bədəlova /

"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin tərəfdaşları bu layihənin ikinci mərhələsinin işlənməsi üzrə potensial qaz alıcıları ilə ikitərəfli danışıqlara başlayacaqlar. Bu barədə çərşənbə günü Trend-ə "Statoil" şirkətinin kommunikasiya şöbəsinin vitse-prezidenti Ranveyq Stangeland (Rannveig S. Stangeland) elektron poçt vasitəsilə bildirib.

"Biz potensial müştərilərlə ["Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə potensial alıcılarla] ikitərəfli danışıqlara başlamağı planlaşdırırıq. Bu tender prosesi olmayacaq", - Stangeland deyib.

"Bəzi potensial müştərilər artıq müəyyən edilib və danışıqlar qısa müddətə başlayacaq. Satış üçün qaz həcmi ildə 10 milyard kubmetr hüdudundadır", - "Statoi"un nümayəndəsi bildirib.

"Biz, üç potensial boru kəməri layihəsi də daxil olmaqla, çoxlu sayda potensial alıcılarla danışıqlar aparacağıq", - Stangeland bildirib.

O, boru kəməri layihələrinin adlarını dəqiqləşdirməyib. Lakin hazırda "Şahdəniz" yatağından çıxarılan qazın Cənub enerji dəhlizi ilə Avropaya satışına prioritetlərdən biri kimi baxılır. Bu dəhlizdə "Nabucco", ITGI və "Transadriatik" qaz kəmərinin çəkilməsi nəzərdə tutulub.

Azərbaycanın "Şahdəniz" yatağı dünyanın ən iri qaz yataqlarından biridir. Onun ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 8,6-9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. 2010-cu ildə yataqdan 7,84 milyard kubmetr qaz çıxarılması nəzərdə tutulub. Hazırda qaz Cənubi Qafqaz boru kəməri vasitəsilə Gürcüstana və Türkiyəyə nəql olunur.

Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə 25 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: "bp" (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LukAgip" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti