...

Aİ enerji sektoru üçün Azərbaycana birinci tranşı ayırıb

Energetika Materials 16 Sentyabr 2010 18:31 (UTC +04:00)
Avropa İttifaqı enerji sektorunun büdcə dəstəyi çərçivəsində Azərbaycana 14 milyon avro məbləğində birinci tranşı ayırıb.
Aİ enerji sektoru üçün Azərbaycana birinci tranşı ayırıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir E.İsmayılov/

Avropa İttifaqı enerji sektorunun büdcə dəstəyi çərçivəsində Azərbaycana 14 milyon avro məbləğində birinci tranşı ayırıb. Bu barədə Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin cümə axşamı yaydığı məlumatında deyilir.

Məlumatda deyildiyinə görə, ayrılan vəsait Azərbaycanın milli enerji strategiyasını gücləndirməyə yönəlmiş cəhdlərini dəstəkləməyə yönəldiləcək. Məqsəd bütün enerji ehtiyatlarının nəqli, tranziti və istifadəsini əhatə edən tamamilə dəqiq, şəffaf enerji strategiyası inkişaf etdirməkdir. Büdcəyə Dəstək Proqramı həmçinin Azərbaycanda enerjinin səmərəli istifadəsi və bərpa olunan enerjiyə diqqət ayırır.

"Aİ ilə Azərbaycanın enerji sahəsində qurduğu güclü əməkdaşlıq bizim ikitərəfli əlaqələrimizin əsasını təşkil edir. Büdcəyə Dəstək Proqramı bu istiqamətdə əldə olunmuş daha bir nailiyyətdir. Bizim bərpa olunan enerji və enerjinin səmərəli istifadəsi sahəsindəki tərəfdaşlığımız Azərbaycana öz enerji ehtiyatlarını diversifikasiya etməyə və iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək etməyə hazır olduğumuzu göstərir. Bugünkü ödəniş ekologiya ilinin elan olunduğu Azərbaycanda 2010-cu il üçün mühüm hadisədir", - Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bildirib.

Büdcəyə Dəstək Proqramı hökumətlərə əsas strateji islahatları həyata keçirməyə yardım göstərmək üçün Aİ və digər donorlar tərəfindən istifadə olunan mexanizmdir. Bu islahatın əsas məqsədləri reallaşdıqdan sonra xarici valyutanın xəzinəyə köçürülməsindən ibarətdir. Büdcəyə Dəstək Proqramı benefisiar ölkə ilə Aİ arasında dialoq qurmağa təkan verir.

Dövlət büdcəsinə vəsaitlər üç tranşla köçürüləcək. Üç milyon avro məbləğində birinci tranşdan fərqli olaraq, növbəti iki tranş Azərbaycanın Aİ qarşısında müəyyən şərtlərinin yerinə yetirilməsi ilə müşayiət olunacaq.

Xəbər lenti

Xəbər lenti