Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir E.İsmayılov/
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi yanvarda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 1,67 milyon ton neft nəql edib. 2010-cu ildə bu rəqəm 2,3 milyon ton olub. Trend-in məlumatına görə, bu barədə idarənin məlumatında deyilir.
2010-cu ildə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən BTC üzrə cəmi 27,27 milyon ton neft ixrac olunub. Bu göstərici 2009-cu ildə 24,6 milyon ton təşkil edib.
BTC boru kəmərinin ümumi uzunluğu 1 768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1 076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprelində, neftlə doldurulmasına isə 2005-ci ilin mayında başlanılıb.
BTC-nin inşası dörd milyard dollara başa gəlib. Boru kəmərinin doldurulmasına ayrılan xərclər və bank faizlərinin ödənilməsi buraya daxil deyil. Ümumi maliyyə kreditinin məbləği 2,6 milyard dollar təşkil edir.
BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz); Statoil (8,71 faiz); ТРАО (6,53 faiz); Eni (5 faiz ); Total (5 faiz); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz); ConocoPhillips (2,50 faiz) və Amerada Hess (2,36 faiz).