...

Azərbaycan və İordaniya qaz tədarükünün mümkünlüyünü müzakirə edir

Energetika Materials 7 Aprel 2011 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan və İordaniya Azərbaycandan təbii qazın idaxalının mümkünlüyünü muzakirə edir. Bu barədə İordaniya Haşimilər Krallığının sənaye və ticarət naziri Hani əl-Mülki Bakıya səfəri ərəfəsində Trend-ə müsahibəsində bildirib.

"İki ölkə arasında energetika və mineral resurslar sahəsində qarşılıqlı əməkdaşlıq haqqında memorandumun imzalanması imkanlarına da baxılacaq. Biz məhsulun pay bölgüsü haqqında sazişə uyğun olaraq, Azərbaycan şirkətlərinin İordaniyada neft və qaz kəşfiyyatı üzrə layihələrdə investisiyalarının təşviqinə hazırıq", - o deyib.

Hani əl-Mülkinin fikrincə, İordaniya ilə Azərbaycan arasında ticarət mübadiləsi hər iki ölkənin cəhd etdiyi səviyyəyə hələ nail olmayıb. 2010-cu il ərzində ticarətin həcmi 2009-cu ildəki 2,3688 milyon dollarlıq rekord göstəriciyə qarşı 1,3468 milyon dollara yaxın təşkil edib.

"Biz ölkələrimiz arasında ticarət və investisiyaların praktiki və effektiv mexanizmlərinin axtarışı üçün bütün səyləri göstərəcəyik, iki ölkə arasında ticarətin həcminin artması və qarşılıqlı ticarət mübadiləsinin artımını məhdudlaşdıran bütün çətinliklərin aradan qaldırılması üzərində birgə çalışacağıq", - o deyib.

Hani əl-Mülkinin rəhbərliyi ilə İordaniya nümayəndə heyəti apreldə Bakıya gələcək. Səfərin məqsədi aprelin 11-12-də iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının ikinci iclasında iştirak etməkdir.

Məqalənin hazırlanmasında A.Tağıyeva iştirak edib.

Xəbər lenti

Xəbər lenti