...

10 il ərzində Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri 62 dəfə artıb

Energetika Materials 13 İyul 2011 17:13 (UTC +04:00)
2001-2011-ci illər ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 56,5 milyard dollar daxil olub ki, bu vəsaitin 53,8 faizi (30,4 milyard dolları) yığıma yönəldilib.
10 il ərzində Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri 62 dəfə artıb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Axundov/

2001-2011-ci illər ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 56,5 milyard dollar daxil olub ki, bu vəsaitin 53,8 faizi (30,4 milyard dolları) yığıma yönəldilib. Trend-in məlumatına görə, bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında dərc olunmuş müsahibəsində bildirib.

"2001-ci ildə 491,5 milyon dollar səviyyəsində olan ARDNF-nin vəsaitləri 10 il ərzində 62 dəfə artıb və 30,4 milyard dollara çatıb", - Mövsümov deyib.

Onun sözlərinə görə, qarşıdakı perspektivlər ARDNF-nin vəsaitinin ildən-ilə artacağını söyləməyə əsas verir.

"Bununla da Azərbaycanda yaşayan və gələcəkdə yaşayacaq bütün nəsillər Azərbaycanın zəngin neft sərvətlərindən istifadə etmək imkanı əldə edirlər", - Mövsümov bildirib.

İcraçı direktorun sözlərinə görə, ARDNF dünya maliyyə bazarlarında olan müasir vəziyyəti əks etdirən konservativ investisiya strategiyasını həyata keçirir.

"Vəsaitlərinin böyük hissəsi yüksək reytinqli, likvidliyi yüksək olan qiymətli kağızlara investisiya olunub. Bu strategiya qlobal maliyyə böhranı zamanı özünü doğruldub", - Mövsümov deyib.

Lakin, onun sözlərinə görə, hazırda maliyyə bazarlarında baş verən dəyişiklikləri nəzərə alaraq və daha riskli və mənfəətli alətlərə, o cümlədən şirkətlərin səhmlərinə, daşınmaz əmlaka investisiya etmək məqsədilə ARDNF investisiya portfelinin diversifikasiyası üzrə təkliflərin hazırlanmasının son mərhələsindədir.

"Ümid edirik ki, ARDNF-nin yeni diversifikasiya olunmuş investisiya strategiyası artıq bu il təsdiq ediləcək. Aktivlərinin səhmlərə yatırılması isə bu təkliflərin qəbul edilməsindən sonra mümkün olacaq", - Mövsümov deyib.

Xəbər lenti

Xəbər lenti