...

"BP-Azerbaijan" Xəzərdəki "Şəfəq-Asiman" yatağında qazmaya 2016-cı ilin II yarısında başlayacaq (ƏLAVƏ OLUNUB)

Energetika Materials 8 Sentyabr 2011 11:09 (UTC +04:00)
"BP-Azerbaijan" şirkəti Xəzərin Azərbaycan sektorundakı "Şəfəq-Asiman" perspektivli blokunun kəşfiyyatı və işlənməsi üzrə müqavilə çərçivəsində kəşfiyyat quyusunun qazılmasına 2016-cı ilin ikinci yarısında başlamağı planlaşdırır.
"BP-Azerbaijan" Xəzərdəki "Şəfəq-Asiman" yatağında qazmaya 2016-cı ilin II yarısında başlayacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir E.İsmayılov/

"BP-Azerbaijan" şirkəti Xəzərin Azərbaycan sektorundakı "Şəfəq-Asiman" perspektivli blokunun kəşfiyyatı və işlənməsi üzrə müqavilə çərçivəsində kəşfiyyat quyusunun qazılmasına 2016-cı ilin ikinci yarısında başlamağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı strukturda seysmik tədqiqatların ətraf mühitə təsiri üzrə hesabatın ictimai dinləmələri zamanı "BP Azerbaijan" şirkətinin ləyihəsinin geoloji kəşfiyyat qrupunun rəhbəri Arzu Cavadova deyib.

"Kəşfiyyat dövrünü üç mərhələyə bölmək olar: birinci mərhələ - 3D-seysmik tədqiqatların aparılması, ikinci - məlumatların işlənməsi və interpretasiyası və üçüncü - kəşfiyyat quyularının qazılması", - Cavadova bildirib.

Mayda "BP-Azerbaijan" və "Caspian Geophysical" şirkətləri arasında 3D-seysmik tədqiqata başlamaq barədə müqavilə imzalanıb.

Cavadovanın sözlərinə görə, birinci mərhələ cari il ərzində başa çatacaq, məlumatların işlənməsi 2012-ci ilə nəzərdə tutulub, 2013-cü ildə və 2014-cü ilin birinci yarısında məlumatların interpretasiyası aparılacaq.

"Qazma işlərinin və kəşfiyyat quyularının planlaşdırılması prosesi 2014-cü ilin ikinci yarısından 2016-cı ilin birinci yarısınadək vaxt aparacaq. Müvafiq olaraq, 2016-cı ilin ikinci yarısından 2017-ci ilin ikinci yarısınadək BP kəşfiyyat quyusunun qazılmasını planlaşdırır", - o deyib.

Qrup rəhbərinin sözlərinə görə, perspektivli blok burada suyun dərinliyi, yüksək təzyiq və temperaturla bağlı bir sıra mürəkkəbliklərə malikdir.

Blokda məhsuldar layların yerləşmə dərinliyi beş və səkkiz kilometr arasında tərəddüd edir, nəzərdə tutulan rezervuarın dərinliyi isə yeddi min kilometrə yaxın təşkil edir.

Dəniz blokunun ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat həcmində qiymətləndirilir.

"Şəfəq-Asiman" bloku üzrə müqavilə 30 il müddətinə imzalanıb. Kəşfiyyat dövrü 4 ildir. Onun sonralar daha 3 il uzadılması mümkündür. Birinci mərhələdə 2 quyunun qazılması planlaşdırılır. İkinci mərhələdə, zərurət olarsa, daha 2 quyu qazılacaq. İstismar dövrünə keçərkən tərəflər layihə çərçivəsində birgə operatorluq edəcəklər. Sazişdə iştirak payının bölüşdürülməsi 50-nin 50-yə nisbətindədir. Dəniz blokunun ehtiyatları 300-500 milyard kubmetr qaz həcmində qiymətləndirilir.

"Şəfəq" və "Asiman" strukturları Bakıdan 125 kilometr cənub-şərqdə yerləşir. 2009-cu ilin iyulunda ARDNŞ və BP Londonda Xəzər dənizinin Azərbaycan sektorunda "Şəfəq" və "Asiman" perspektiv strukturlarının birgə geoloji kəşfiyyatı və işlənməsi haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

BP Azərbaycanda əsas xarici neft sərmayədarıdır. Şirkət "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun və "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə layihələrə də başçılıq edir. ВР həmçinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin də operatorudur.

Xəbər lenti

Xəbər lenti