...

Azərbaycanda karbamid zavodunun tikintisinə başlanacağı müddət açıqlanıb

Energetika Materials 31 Yanvar 2012 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar / Trend, müxbir E.İsmayılov/

Sumqayıt şəhərində ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) karbamid istehsalı zavodunun "açar təhvili" şərti ilə tikintisinə 2012-ci ilin ikinci rübünün ortalarında başlanacaq. Bu barədə çərşənbə axşamı Trend-ə zavodun rəhbəri Xəyal Cəfərov məlumat verib.

ARDNŞ-nin tərkibinə Azərbaycanda kimyəvi məhsulların istehsalçısı "Azərikimya" İstehsalat Birliyi daxildir.

Onun sözlərinə görə, ötən ilin dekabrında Tender Komissiyasının qərarı ilə azot gübrələrinin, yəni karbamid istehsal edən zavodun tikintisi işlərinin həyata keçirilməsi üzrə tenderin müddəti 2012-ci ilin martına kimi uzadılıb.

"Beləliklə, karbamid zavodunun tikintisinin podratçısı 2012-ci ilin ikinci rübündə seçiləcək. O zaman bu zavodun tikintisinin ümumi dəyəri məlum olacaq", - Cəfərov qeyd edib.

Zavod rəhbərinin sözlərinə görə, yeni zavodun tikintisi ölkə Prezidentinin təsdiqlədiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaqla etibarlı təmin olunması üzrə Dövlət Proqramı" çərçivəsində tamamilə dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdiriləcək.

Zavod 24 hektar ərazidə inşa ediləcək, onun tikintisi 2014-cü ildə başa çatacaq. Zavodun istehsal gücü gündə 1200 ton ammonyak və 2000 ton karbamid olacaq.

Zavodun tikintisi gedişindəki işlərə üç min, müəssisənin fəaliyyətə başlamasından sonra isə 500 nəfər işə cəlb olunacaq.

Xəbər lenti

Xəbər lenti