Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.İsmayılov/
Qətər Azərbaycanda enerji layihələrində iştirakda maraqlıdır. Bunu cümə axşamı Bakıda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev ilə görüşdə "Qatar Petroleum International"ın baş icraçı direktoru Nasr əl-Caida bildirib.
Qətər nümayəndə heyəti ilə görüşdə qeyd edilib ki, Azərbaycan da Qətər investisiyalarında maraqlıdır. Bu barədə cümə axşamı Trend-ə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli deyib.
Görüşdə alternativ enerji sahəsində əməkdaşlıq imkanları vurğulanıb.
Natiq Əliyev bu gün, həmçinin "Tatneftximinvest-holdinq" ASC-nin rəhbəri Rafinat Yarullinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Azərbaycan və Tatarıstanın neft-kimya sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə edilib. Tatarıstan nümayəndə heyəti neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin yaradılması çərçivəsində işlərlə tanış olub.
Görüşdə qeyd edilib ki, birgə layihələr imkanının nəzərdən keçirilməsi məqsədilə Azərbaycana işçi qrupu səfər edəcək.
Görüşdə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyinin sədri Muxtar Babayev də iştirak edib.