Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.İsmayılov/
Azərbaycanın enerji və qaz təchizatı operatorları Novruz bayramı günlərində ölkə ərazisində əhalini qaz və elektrik enerjisi ilə fasiləsiz təchiz edəcəklər.
Çərşənbə axşamı "Аzərenerji" SC-dən (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) deyildiyi kimi, SC istehlakçıları fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün gücləndirilmiş rejimdə çalışacaq.
"Habelə həmin günlərdə problem yaranacağı halda vəziyyətə operativ reaksiya vermək üçün növbətçi rejim təşkil olunacaq", - SC-dən qeyd ediblər.
Çərşənbə axşamı "Bakıelektrikşəbəkə" SC-dən (Bakıda elektrik enerjisinin paylanması) bildirilib ki, istehlakçıların elektrik enerjisi tədarükündə problem hiss etməmələri üçün SC gücləndirilmiş iş rejiminə keçəcək.
"İstehlakçılarımızın rahatlığını təmin etmək üçün SC-nin bütün heyəti bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq, habelə əlavə texnika və mexanizmlər cəlb ediləcək", - SC-dən deyiblər.
Çərşənbə axşamı "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə deyildiyi kimi, ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi bayram günlərində əhalinin qazla təchizatı məsələsinə xüsusi diqqət ayıracaq.
"Bütün səylər bayram günlərində abonentlərimizin qaz tədarükü ilə bağlı problemlərlə üzləşməmələrinə yönəldiləcək", - İB-dən qeyd ediblər.
İB də martın 19-dan 26-dək gücləndirilmiş iş rejiminə keçir. Qaz tədarükünə gücləndirilmiş nəzarəti təmin etmək üçün İB bütün mütəxəssisləri və texnikanı işə cəlb edəcək.
Habelə problem baş qaldıracağı halda onların ən qısa müddətdə aradan qaldırılması üçün təmir qrupları geniş tərkibdə çalışacaq.