...

Türkiyədə STAR NEZ-in tikintisinə başlanacağı tarix açıqlanıb

Energetika Materials 11 Aprel 2012 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir A. Axundov/

Türkiyədə "STAR Rafinieri A. S." neft emalı zavodunun tikintisi 2012-ci ilin sonu - 2013-cü ilin əvvəlində başlayacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda keçirilən Azərbaycanda neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin (OGPC) yaradılmasına həsr olunmuş forumda zavodun layihə maliyyələşdirilməsi üzrə məsləhətçisi, eyni zamanda "UniCredit Bank"ın (London) neft-qaz, layihə və məhsul maliyyələşdirilməsi üzrə baş meneceri Stefani Hadson bildirib.

"Hazırda layihə işləri aparılır, müqavilələr hazırlanır", - Hadson qeyd edib.

Neft emalı zavodunun ümumi gücü 10 milyon ton təşkil edəcək və zavodda istehsal edilən neft məhsulları "Petkim" kimya konserinin və Türkiyənin daxili bazarının tələbatını ödəməyə yönəldiləcək. Layihənin dəyəri 5 milyard dollar həcmində qiymətləndirilir.

Məsləhətçinin sözlərinə görə, hazırda Beynəlxalq Maliyyə Korporasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə maliyyələşdirmə məsələləri üzrə danışıqlar aparılır.

"Gələcəkdə maliyyələşdirməyə Türkiyə bankları cəlb edilə bilər, habelə islam maliyyələşdirilməsi variantları da nəzərdən keçirilir", - Hadson qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə zavoda neftin tədarükü şərtləri haqqında danışıqlar aparılır.

"Biz ARDNŞ-ni zavoda xammalın əsas tədarükçüsü kimi görürük", - baş menecer vurğulayıb.

Onun sözlərinə görə, OGPC layihəsini STAR layihəsi ilə bir çox şey birləşdirir.

"OGPC layihəsinin uğur qazanması üçün risk amillərinin öyrənilməsi, etibarlı maliyyə mənbələrinin tapılması, ekoloji məsələlərin həlli vacibdir. Həmçinin dövlət dəstəyi faydalı olacaq", - Hadson bildirib.

Xəbər lenti

Xəbər lenti