...

Ekspertlərin İranın Xəzərdə neft-qaz imkanlarının qiymətləndirilməsində fikir ayrılıqları var

Energetika Materials 16 May 2012 18:08 (UTC +04:00)
İran Xəzərin İran sektorunda neft-qaz hasilatı ilə bağlı əməliyyatlara başladığını bəyan edib.
Ekspertlərin İranın Xəzərdə neft-qaz imkanlarının qiymətləndirilməsində fikir ayrılıqları var

Azərbaycan, Bakı, 16 may /Trend/

İran Xəzərin İran sektorunda neft-qaz hasilatı ilə bağlı əməliyyatlara başladığını bəyan edib.

İranın neft naziri Rüstəm Qasımi bir müddət əvvəl məlumat vermişdi ki, "Əmir-Kəbir" (Əlborz) platformasında ilk "neft" məşəli yandırılıb.

Lakin ekspertlər Almaniyanın "Deutsche Welle" (DW) teleradio şirkətinə müsahibələrində İranın Xəzərdəki neft-qaz hasilatı üzrə imkanları ilə bağlı müxtəlif fikir söyləyiblər.

Trend İnformasiya Agentliyinin Fars xəbərlər xidmətinin rəhbəri Dalğa Xatınoğlu "Əlborz" platformasının yarı yüklənmiş olduğundan danışarkən qeyd edib ki, belə platformalar yataqların kəşfiyyatı zamanı istifadə edilir.

Onun sözlərinə görə, neft-qaz hasilatı üçün stasionar platformalar lazımdır, bununla əlaqədar bu fakt təəccüb doğurur ki, İran adıçəkilən platforma vasitəsilə neft və ya qaz hasil edir.

2011-ci ilin dekabrında Qasımi bildirmişdi ki, Xəzərin İran sektorunda 50 trilyon kubfut (1,4 trilyon kubmetrdən çox) qaz və 10 milyard barel neft ehtiyatına malik yataq aşkar edilib. "Sərdar Cəngəl" adlanan bu yataq Gilan vilayətinin sahillərindən 118 kilometr şimalda və Neka limanından 250 kilometr şimal-qərbdə yerləşir.

Qasıminin sözlərinə görə, əldə edilən məlumatlara əlasən, yeni yataq Azərbaycandakı "Şahdəniz" yatağından (1,2 trilyon kubmetr ehtiyatı var) 10 dəfə böyükdür.

İran əvvəllər "Əmir-Kəbir" platforması vasitəsilə Xəzər dənizinin müxtəlif sektorlarında 7 dəfə uğursuz kəşfiyyat işləri aparıb, lakin bu dəfə uğurlu alınıb.

Xatınoğlunun sözlərinə görə, "Şahdəniz" yatağının imkanlarını tədqiq etmək üçün dərinliyi 7000 metrdən çox olan bir neçə quyu qazılıb. Belə olan halda 700 metr dərinlikdə quyular qazmaqla yatağın imkanlarını öyrənmək mümkün deyil.

"Dənizdə neft və qaz hasil etmək üçün platformalar, habelə onların hazırlanması, nəqli, sualtı qaz kəmərlərinin tikintisi, tədqiqatların aparılması və digər işlər üçün infrastruktur lazımdır", - o deyib. İranın belə infrastrukturu yoxdur.

Türkmənistan Neft və Qaz Nazirliyinin adının çəkilməsini istəməyən nümayəndəsi DW-yə müsahibəsində bildirib ki, Aşqabad Xəzərdə 4000 metr dərinlikdə qaz laylarını aşkar edib. Buna görə də İranın 700 metr dərinlikdə yataq aşkar etməsi şübhəlidir.

DW-yə müsahibəsində Berlində Xəzəryanı ölkələrin Araşdırma Mərkəzinin enerji məsələləri və koordinatoru üzrə eksperti Bəhruz Əbdülvənd deyib ki, hələlik heç bir şirkət və ya qonşu dövlət İranın Xəzərdə yataq aşkar etməsini rəsmən təkzib etməyib.

"Əgər İran bu yataqda qaz hasilatı ilə məşğul olacaqsa, o, Avropa üçün regional əhəmiyyətini həqiqətən artıra bilər", - Əbdülvənd qeyd edib.

Xəbər lenti

Xəbər lenti