Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
"Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları müqəddəs Qurban bayramı ilə əlaqədar istirahət günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar.
"Bakıelektrikşəbəkə"dən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bayram və istirahət günlərində enerji istehlakçılarının fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcəklər. Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək.
Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi və digər bayram günlərində aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılmasını təmin edəcəklər.
Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunmaları üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib.
Abonentlər yarana biləcək hər hansı problemlər haqqında "199 - Qəza Xidməti"nə zəng vuraraq məlumat verə bilərlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.