...

BP Xəzərdəki yeni platformanın bir hissəsini dənizə göndərməyə hazırlaşır

Energetika Materials 31 Oktyabr 2012 18:45 (UTC +04:00)
"Chirag oil project" (Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda neft hasilatının artırılması) çərçivəsində qabaqlayıcı qazma prosesi ilin sonunadək başa çatacaq.
BP Xəzərdəki yeni platformanın bir hissəsini dənizə göndərməyə hazırlaşır

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir E.İsmayılov/

"Chirag oil project" (Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda neft hasilatının artırılması) çərçivəsində qabaqlayıcı qazma prosesi ilin sonunadək başa çatacaq. Bu barədə çərşənbə günü Trend-ə AÇG-nin işlənməsi layihəsinin operatoru olan "BP-Azerbaijan" şirkətindən bildiriblər.

"Hazırda "Dədə Qorqud" qazma qurğusu ilə qabaqlayıcı qazma işləri aparılır. Bu işlər cari ilin sonunadək başa çatacaq", - şirkətdən deyiblər.

BP-dən qeyd ediblər ki, dənizdə qabaqlayıcı qazma işləri başa çatdıqdan sonra "Qərbi Çıraq" yeni platformasının dayaq bloku göndəriləcək, bu blok quraşdırıldıqdan sonra platformanın yuxarı modulları da göndəriləcək.

Şikətdən həmçinin bildiriblər ki, "Chirag oil" layihəsi çərçivəsində "Günəşli" yatağının dərinsulu hissəsində sualtı infrastrukturun mövcud platformaya qoşulması prosesi artıq başa çatıb. Xüsusən bu işlərin həyata keçirilməsi üçün "Dərinsulu Günəşli" platforması sentyabrın 25-dən oktyabrın 22-dək işləməyib.

"Bütün işlər tam yekunlaşıb və platformanın fəaliyyəti artıq bərpa edilib. Hazırda platformada sutkalıq hasilat həcmi 110 min barel təşkil edir", - BP-dən vurğulayıblar.

Şirkətdən deyiblər ki, ümumilikdə AÇG bloku üzrə sutkalıq neft hasilatı həcmi 650-700 min barel arasında dəyişir: "Gündən asılı olmayaraq göstəricilər sutkada 700 min bareli üstələyir".

"BP Azerbaijan"dan bildiriblər ki, "Chirag oil project" çərçivəsində bütün işlər nəzərdə tutulan qrafikə uyğun gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti