Azərbaycan, Bakı, 10 iyul /Trend/
ARDNŞ prezidenti Rövnəq Abdullayev "Statoyl" şirkətinin Avrasiya üzrə baş vitse-prezidenti Torgeir Kidlandın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə R.Abdullayev "Statoyl" şirkəti ilə ARDNŞ arasında uzun müddət davam edən səmərəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb, son dövrdə "Statoyl"un iştirak etdiyi "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələri çərçivəsində aparılan neft-qaz əməliyyatlarında mühüm irəliləyişlər əldə edildiyini söyləyib.
"Statoyl" şirkətinin Avrasiya üzrə baş vitse-prezidenti T.Kidland Azərbaycan qazının Avropaya nəql edilməsi üçün boru kəmərinin seçiminin başa çatması münasibətilə ARDNŞ-nin prezidentini təbrik edib, seçimin uğurlu olduğunu və Transadriatik qaz boru kəmərinin (TAP) Avropa istehlakçılarının təbii qazla təchiz edilməsi baxımından mühüm töhfə verəcəyinə inandığını qeyd edib. Qonaq "Statoyl"un Azərbaycandakı fəaliyyətinə daim dəstək göstərdiyinə görə ARDNŞ-nin prezidentinə minnətdarlığını bildirib, qarşıdakı illərdə bu fəaliyyətin daha da genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
O, qeyd edib ki, "AÇG" və "Şahdəniz" kimi regional və qlobal əhəmiyyətli net-qaz layihələrindən sonra "Zəfər-Məşəl" strukturunda kəşfiyyat işlərinə başlanılması "Statoyl"un Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi üçün çox vacibdir. T.Kidland bu gün səhər "Yeni Çıraq Layihəsi" çərçivəsində inşa olunan platformanın tikinti meydançasında olduqlarını və platformada artıq son tamamlama işlərinin aparıldığından məmnunluğunu bildirib.
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev birgə layihələr üzrə işlərin qrafikə uyğun getdiyini qeyd edib, TAP boru kəmərindən danışarkən bildirib ki, bu seçim Azərbaycanın "Cənub enerji dəhlizi" konsepsiyasına sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirib. R.Abdullayev TAP boru kəmərinin Avropanin enerji təhlükəsizliyinin möhkəmlənməsində Azərbaycanın rolunun artırılması üçün geniş imkanlar açaçağına inandığını söyləyib. O deyib ki, iki şirkət arasında qurulmuş etibarlı tərəfdaşlıq münasibətləri istər "Şahdəniz", istər digər layihələr, istərsə də "Zəfər-Məşəl" strukturu üzrə birgə fəaliyyətin daha dinamik inkişafı üçün əsas verir.
Görüşdə əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminilk ifadə olunub, birgə layihələrlə bağlı ətraflı fikir mübadiləsi aparılıb, təcrübə mübadilələrinin önəmi qeyd olunub, qarşıda duran məsələlər müzakirə edilib.