Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Oktyabrın 21-də ABŞ-ın enerji sahəsi üzrə ixtisaslaşmış aparıcı mətbu orqanı olan "Environment & Energy Publishing (E&E)" online media kompaniyasının rəsmi internet səhifəsində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun müsahibəsi dərc edilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, müsahibədə E.Süleymanov Azərbaycanın neft diplomatiyasının növbəti uğurlarından olan "Cənub Qaz Dəhlizi" layihələrindən bəhs edərək, bu layihənin strateji önəmi barədə fikirlərini bildirib.
Səfir həmçinin, Avropanın təbii qaz mənbələrinin şaxələndirilməsinə ehtiyac duyduğu bir dönəmdə ABŞ-ın enerji strukturlarının inkişafına davamlı dəstəyin vacib olduğunu qeyd edib.
E.Süleymanov "Cənub Qaz Dəhlizi" layihələrinin Azərbaycan hökumətinin nümayiş etdirdiyi siyasi iradə və ABŞ-ın birmənalı dəstəyi nəticəsində reallaşdırılmış Bakı-Tbilisi-Ceyhan layihəsinin uğurunu təkrarlayacağına ümidvar olduğunu bildirib.
Qərbə qarşı neft embarqosunun 40 il əvvəl məhz oktyabr ayında tətbiq edildiyini xatırladan səfir bunun fəsadlarının enerji təhlükəsizliyi məsələlərini, xüsusilə, Xəzər dənizin enerji resurslarının əhəmiyyətini daha da artırdığını vurğulayıb.
Diplomat bu xüsusda "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi Balkan dövlətləri üçün yeni coğrafi reallıqlar, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar vəd etdiyini bildirib.
Müsahibənin tam mətni ilə aşağıdakı keçiddə tanış olmaq olar:
http://www.eenews.net/login?r=http%3A%2F2Fwww.eenews.net%2Fenergywire%2F2013%2F10%2F21%2Fstories%2F1059989103