Azərbaycan, Bakı, 17 dekabr /Trend/
Yunanıstanın Baş naziri Antonis Samarasın başçılıq etdiyi nümayəndə heyəti təyyarədə yaranan nasazlıq üzündən Bakıya gələ bilmir. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə "Etnos" qəzeti yazır.
A.Samaras "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının və Trans-Adriatik qaz boru kəməri layihəsi (TAP) üzrə sazişin imzalanma mərasimində iştirak etmək üçün dekabrın 16-da axşam saatlarında Azərbaycana səfərə yol düşüb. Lakin təyyarə hava qalxdıqdan 15 dəqiqə sonra idarəetmə sistemində yaranan nasazlıq səbəbindən Elefsina hərbi aerodromuna məcburi eniş edib.
Qəzet yazır ki, Elefsina aerodromunun texnikləri nasazlığı aradan qaldıraraq sınaq uçuşu həyata keçiriblər, lakin yeni uçuşu təhlükəsiz hesab etməyiblər: "Hazırda Yunanıstan nümayəndə heyətini Bakıya gətirmək üçün vasitə yoxdur. İmzalanma mərasimində Yunanıstanı Azərbaycandakı səfir təmsil edəcək. TAP Yunanıstan üçün strateji əhəmiyyətli layihədir".
Qəzet, həmçinin qeyd edir ki, A.Samaras Brüsselə, Avropa qrupu ölkələrinin görüşünə adi reyslə gedəcək.
Qeyd edək ki, bundan əvvəl təyyarənin texniki baxışdan sonra yenidən havaya qalxacağı bildirilirdi.
Məcburi enişdən sonra Baş nazir öz iqamətgahına qayıdıb.