Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E.İsmayılov/
Dünən qazın tərkibinə həddən artıq odorant maddəsinin əlavə edilməsi nəticəsində kütləvi zəhərlənmənin baş verdiyi Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinə qazın verilişi tam bərpa olunub.
Bu barədə Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Araz Ağayev deyib.
Onun sözlərinə görə, qazın verilişi bərpa edildikdən sonra İB-nin mütəxəssisləri qaz kəmərinə baxış keçiriblər və heç bir yanacaq sızması aşkar olunmayıb: "Hazırda hadisənin səbəbləri araşdırılır və bu proses başa çatdıqdan sonra dəqiq rəy veriləcək".
Qeyd edək ki, martın 5-də Lökbatan qəsəbəsində V.Əsgərov keçəsindəki bir neçə yaşayış binasının sakinləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.
Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb.
ARDNŞ-nin məlumatına görə, martın 5-də, səhər saat 10:30-da cari təmir işləri ilə əlaqədar olaraq Bakının Lökbatan qəsəbəsinə gedən boru xəttində qaz təchizatı dayandırılmışdır. Həmin gün saat 18:00 radələrində təmir işləri başa çatdırılmış və xəttə təbii qazın verilişi bərpa olunmuşdur. Mövcud normativlərə əsasən, qaz sızmasının vaxtında aşkar edilməsi və itkinin qarşısının alınması məqsədi ilə "mavi yanacağ"ın tərkibinə vurulan kəskin qoxulu odorant maddəsinin təsirindən Lökbatan qəsəbəsində V.Əsgərov küçəsindəki bir neçə yaşayış binasının sakinlərində ürəkbulanma halları müşahidə olunmuşdur.
Baş vermiş hadisə ilə əlaqədar ARDNŞ-də mütəxəssislərdən ibarət komissiya yaradılmış və araşdırma işlərinə başlanılmışdır. Hazırda Komissiya tərəfindən baş vermiş kütləvi ürəkbulanma hallarının mümkün səbəbləri ilə əlaqədar bir neçə versiya üzərində iş aparılır. Komissiyanın yekun rəyi hazır olan kimi ictimaiyyət üçün açıqlanacaqdır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, hadisə nəticəsində 115 nəfər zəhərlənib. Onlardan 70-nə hadisə yerində yardım göstərilib və evə buraxılıb. Zərərçəkənlərin 45-i Səhiyyə Nazirliyinin Toksikologiya Mərkəzinə gətirilib. Onlardan 43-ü hospitalizasiya edilib. Həmin xəstələrin səhhətləri üçün təhlükə olmadığından onların hamısı gecə evə buraxılıb.
Qazdan zəhərlənmədən öldüyü bildirilən qəsəbə sakini 45 yaşlı Nataliya Məmmədovanın ölümünə bu hadisənin səbəb olduğu ehtimal edilmir.