Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov ABŞ-da ARDNŞ-nin fəaliyyəti və "Cənubi Qaz Dəhlizi" mövzusunda bir neçə təqdimatla çıxış edib.
Trend-in çərşənbə axşamı ARDNŞ-nin saytına istinadən verdiyi məlumata görə, Vaşınqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində keçirilən təqdimatda ABŞ-ın hökumət rəsmiləri, görkəmli elm xadimləri və energetika sahəsində tanınmış ekspertlər iştirak ediblər.
V.Bəylərbəyov "Cənubi Qaz Dəhlizi" layihəsinin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb, onun Cənubi Avropadakı birləşdirici boru kəmərləri üçün katalizator qismində oynaya biləcəyi roldan danışıb.
ARDNŞ-nin sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini, həmçinin Hyustonda aparıcı işgüzar dairələrin nümayəndələri və hökumət rəsmiləri üçün enerji sənayesinin əsas forumlarından biri sayılan "CERAWeek" çərçivəsində də eyni mövzuda təqdimat keçirib.
Bundan əlavə V.Bəylərbəyov "Şahdəniz-2" layihəsinin işlənilməsi üzrə BP şirkətinin vitse-prezidenti Al Kuk, Corctaun Universitetinin mühazirəçi-professoru Brenda Şaffer və Harvard Universitetinin Bostondakı Kennedi məktəbinin energetika layihəsinin geosiyasət üzrə direktoru Meqan O`Sulivanla birlikdə Harvard Universitetinin Con F.Kennedi adına Dövlət İdarəçilik Məktəbində "Cənubi Qaz Dəhlizi" mövzusunda mühazirə ilə çıxış edib. Mühazirə zamanı layihənin seçilməsi metodologiyası təqdim olunub və dünya miqyaslı layihənin enerji siyasəti üçün daşıdığı önəm haqqında danışılıb.