Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Seymur Əliyev/
"Cənub Qaz Dəhlizi" reallığa çevrilən qlobal əməkdaşlığın modelidir. Trend xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Antonis Samaras şənbə günü Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində deyib.
Baş nazir bildirib: "Bu, ["Cənub Qaz Dəhlizi"nin təməlinin qoyulması] tarixi hadisədir. "Cənub Qaz Dəhlizi" energetikadan, infrastrukturdan daha çox enerji təchizatının və energetika təhlükəsizliyinin təmin olunmasının köməyi ilə Asiya ilə Avropanın birləşdirilməsini reallığa çevirən xəyaldır. Bu, nəhəng regionun ölkə və xalqlarının uzunmüddətli əməkdaşlığının xəyalıdır. Əslində, bu, qlobal əməkdaşlığın modelidir".
Onun sözlərinə görə, Yunanıstan lap əvvəldən "Cənub Qaz Dəhlizi"ni dəstəkləyən ölkələrin sırasına daxildir.
A.Samaras xatırladıb ki, bu dəhliz başqa ölkələrlə yanaşı, Yunanıstanın da ərazisindən keçir.